Bu gün qadınların fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayır. Onlar uğurlu sahibkarlar, elm adamları, rəssamlar və liderlərdir.
Ölkə.Az xəbər verir ki, bunu Leyla Əliyeva aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxış edərkən deyib.
Azərbaycanda qadınların rolunun daim yüksək qiymətləndirildiyini, onlara hörmətin mədəniyyətin və ənənələrin həmişə bir hissəsi olduğunu söyləyən L.Əliyeva deyib:
"Bu gün bütün Azərbaycan üzrə qadınlar biznes qurur, ictimai təşəbbüslərə rəhbərlik edir və real təsir yaradırlar. Təkcə keçən il qadınlar Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini təşkil edirdi ki, bu da onların iqtisadiyyatımızda fəal və vacib rol oynadıqlarını göstərir".
O qeyd edib ki, bu gün Azərbaycanın AQEM-ya sədrliyinin davamlı inkişaf və qərar qəbuletmədə qadınların səslərini fəal şəkildə dəstəklədiyini görmək çox xoşdur.
"AQEM Qadınlar Şurasının yaradılması vacib bir təşəbbüsdür", - deyən Leyla Əliyeva konstruktiv ideyaları əməllərə çevirməkdə bu platformaya uğurlar arzulayıb.