AZ

Trampın təzyiq siyasəti iflasa uğrayır – İDDİA

ABŞ-ın xarici siyasətdə sərt yanaşması gözlənilən nəticəni vermir və dünyada müqavimət artır.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytında dərc olunan müəllif yazısında jurnalist Nahal Tusi yazıb.

Məqalədə qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp uzun müddətdir digər ölkələrə qarşı təzyiq siyasəti yürüdür – ticarətdən tutmuş daxili idarəetməyə qədər müxtəlif sahələrdə sərt mövqe nümayiş etdirir. Lakin son hadisələr göstərir ki, bu yanaşma hər zaman nəticə vermir.

Belə ki, İran ABŞ-la sülh danışıqlarını dayandıraraq münaqişəni davam etdirməyi seçib. Macarıstanda seçicilər isə Trampın Avropadakı əsas müttəfiqlərindən biri olan Viktor Orbanı hakimiyyətdən uzaqlaşdırıb. Eyni zamanda Roma Papası Papa XIV Leo da Trampın təzyiqlərindən çəkinmədiyini açıq şəkildə bəyan edib.

Yazıda vurğulanır ki, Tramp administrasiyası tez-tez dünyanı sanki “idarə oluna bilən obyekt” kimi qəbul edir və iqtisadi və hərbi güc vasitəsilə digər ölkələri istədiyi istiqamətə yönləndirə biləcəyini düşünür. Lakin beynəlxalq münasibətlərdə hər addımın cavabı olur və bu cavablar hər zaman Vaşinqtonun gözləntilərinə uyğun gəlmir.

Müəllif qeyd edir ki, ABŞ administrasiyası bu reallığa uyğunlaşmaqda çətinlik çəkir. Xarici siyasət üzrə ekspert Riçard Haass bildirib ki, əgər bu yanaşmanın effekt vermədiyi qəbul edilsəydi, siyasətdə dəyişikliklər müşahidə olunardı, lakin hazırda belə əlamətlər görünmür.

Bəzi diplomatların fikrincə, problem ondadır ki, prezidentə real vəziyyət tam şəkildə çatdırılmır və o, ətrafında daha çox “razılaşan şəxslərlə” əhatə olunub.

Məqalədə ABŞ-ın vitse-prezidenti Cey Di Vensın İranla aparılan danışıqlardan sonra verdiyi açıqlama da tənqid olunur. Onun “İran bizim şərtləri qəbul etmədi” ifadəsi danışıqlardan çox diktə təəssüratı yaradıb.

Bununla yanaşı, Trampın Qrenlandiya ilə bağlı tələbləri də Avropada ciddi narazılıq doğurub və Avropa ölkələrinin ABŞ-dan asılılığı azaltmaq istiqamətində addımlar atmasına səbəb olub.

Məqalədə qeyd olunur ki, Trampın tətbiq etdiyi tarif siyasəti də digər ölkələri alternativ ticarət tərəfdaşları axtarmağa vadar edir və bu, uzunmüddətli perspektivdə ABŞ-ın təsir imkanlarını zəiflədə bilər.

Ekspertlər hesab edir ki, bu siyasət ABŞ-ı “post-Amerika dünyası”na doğru aparır – yəni Vaşinqtonun əvvəlki kimi qlobal mərkəz olmadığı bir sistemə.

Sabiq ABŞ rəsmisi Den Şapiro isə bildirib ki, ABŞ güclü dövlət olsa da, onun təsir imkanları hüdudsuz deyil və müttəfiqlərə ehtiyac hər zaman qalır.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr