"Mağazalarda işlənmiş telefonların yeni kimi satılması riskinə qarşı ilk növbədə cihazın qablaşdırmasına və xarici detallarına diqqət yetirmək lazımdır".
Bunu Day.Az-a açıqlamasında texnoloq informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib.
O, köhnə telefonların yeni kimi satılmasından qorunmaq üçün zəruri qaydaları açıqlayıb.
Ekspert bildirib ki, mağazalarda işlənmiş telefonların yeni kimi satılması riskinə qarşı ilk növbədə cihazın qablaşdırmasına və xarici detallarına diqqət yetirmək lazımdır.
"Orijinal zavod plyonkası hamar olmalı, qeyri-peşəkar yapışqan izləri daşımamalıdır. Cihazın özündə isə şarj portu, dinamik qəfəsləri və ekran kənarlarında mikroskopik toz və ya cızıq izlərinin olub-olmadığı yoxlanılmalıdır. Hətta qısa müddət istifadə olunmuş cihazlarda belə, şarj kabelinin daxil olduğu hissədə metalın sürtünməsindən yaranan xırda izlər qalır ki, bu da telefonun daha əvvəl işlədildiyinun ən bariz göstəricisidir",- deyə o bildirib.
E. Abbasov vurğulayıb ki, daha dəqiq yoxlama üçün cihazın IMEI kodunu həm qutudan, həm də daxili parametrlərdən (*#06# yığmaqla) yoxlayaraq rəsmi saytlarda aktivləşmə tarixinə baxmaq şərtdir:
"Əgər sistemdə telefonun zəmanət müddətinin artıq başladığı görünürsə, bu, cihazın əvvəllər kim tərəfındənsə işlədildiyini sübut edir. Bundan əlavə, batareya sağlamlığı bölməsində maksimum tutumun 100% olması və ekranın rəng ötürücülüyünün (məsələn, True Tone funksiyasının) yoxlanılması cihazın həm orijinal, həm də tam yeni olduğunu təsdiqləməyə kömək edir",- deyə ekspert qeyd edib.
Nəsimi Ələsgərli