AZ

Yaxın Şərq böhranı turizmi çökdürür: uçuşlar ləğv olunur, qiymətlər kəskin artır

Rusiyada turistlərin 35%-i Yaxın Şərq ölkələrinə planlaşdırdıqları turlar üzrə ödənişlərinin geri qaytarılmasını tələb edirlər. Bununla belə, əksəriyyət istirahətlərini başqa tarixlərə və ya istiqamətlərə yenidən bron etməyə çalışır.

Musavat.com Rusiya mediasına istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiya Tur Operatorları Assosiasiyasının icraçı direktoru Maya Lomidze məlumat verib.

O bildirib ki, əgər münaqişənin əvvəlində turların ləğvi ilə əlaqədar ödənişin geri qaytarılması üçün müraciət edən turistlərin payı 10%-dən az idisə, yəni onların əksəriyyəti gözləməyə və yenidən bron etməyə, o cümlədən digər istiqamətlərə yönəlməyə hazır idilərsə, mart ayının sonuna doğru pulunun qaytarılmasını istəyənlərin sayı Yaxın Şərq üzrə tur operatorlarında tur bron edənlərin ümumi sayının artıq 35%-dən çoxunu təşkil edib.

Maya Lomidze qeyd edib ki, bəzi turistlər digər istiqamətlərə yenidən bron etməkdən imtina ediblər, çünki bu zaman əlavə ödəniş tələb olunur. Bununla yanaşı, bir çox turist Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edərək səfərlərini yay aylarına keçiriblər. Əgər həmin vaxta qədər vəziyyət normallaşmasa, onlar səfərlərini yenidən dəyişə biləcəklər.

Assosiasiya rəhbəri həmçinin bildirib ki, çıxış turizmi ilə məşğul olan tur operatorlarının təxminən 10%-i ləğv edilmiş turlara görə turistlərə ödənişlərin geri qaytarılması üçün fərdi məsuliyyət fondlarından istifadə etmək məqsədilə müraciət ediblər.

CEYHUN

Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov Musavat.com-a şərhində deyib ki, 2026-cı ilin əvvəlində Yaxın Şərqdə baş verən geosiyasi gərginliklərin qlobal turizm və aviasiya sektorunda ciddi təsirləri açıq hiss olunmaqdadır:

“Aviasiya sektoru təzyiq altındadır. 28 fevraldan sonra təxminən 70 min uçuş ləğv olunub. Hava məkanlarının bağlanması və marşrutların uzanması uçuşları daha uzun və bahalı edib. Aviaşirkət xərclərinin 25%-i yanacağın payına düşür və neft qiymətlərinin artması vəziyyəti daha da ağırlaşdırır. Asiya-Avropa istiqamətində biletlər 70%-ə qədər bahalaşıb (1500+ USD). 

Neft qiymətlərinin təsirinə gəlincə, kəskin qiymət artımı yalnız turizmə deyil, qlobal ticarətə də təsir edir: yükdaşımaların qiymətinin 5-6 dəfə artması nəqliyyat və xidmət xərclərini də yüksəldib. Turizmdə yay mövsümü üçün ümumi rezervasiyalarda azalma müşahidə olunur. Münaqişə uzanarsa, turizm tələbatının 20-25% azalacağı proqnozlaşdırılır. Analitiklər yüksək qiymətlərin payıza qədər davam edə biləcəyini istisna etmirlər”.

O ki qaldı müharibənin Azərbaycana təsirlərinə, ekspert statistikaya diqqət çəkib:

“2026-cı ilin yanvar-fevral aylarında təkcə Körfəz ölkələrindən Azərbaycana gələn turistlər 11% azalıb-55.3 min nəfər. Aviabiletlərin bahalaşması və uçuşların azalması turist axınına birbaşa təsirini davam etdirməkdədir. Beləliklə, COVID-dən sonra yenicə bərpa olunmağa çalışan turizm sektoru yeni bir böhranla üz-üzədir. Hətta münaqişə qısa müddətdə başa çatsa belə, yüksək yanacaq qiymətləri bir müddət uçuş və səyahət xərclərinə təzyiq göstərməyə davam edəcək. Mövcud qeyri-müəyyənlik fonunda yaxın gələcəkdə turistlərin daha uzaq məsafələrə səyahət qərarlarını daha çox düşünəcəkləri və daha ehtiyatlı davranacaqları ehtimalı çoxalır”.

Nigar Həsənli
Musavat.com

Seçilən
48
musavat.com

1Mənbələr