AZ

Peter Macar və Orban arasındakı əsas fərqlər – Görün nələr var

Macarıstanın siyasi mənzərəsində baş verən dəyişikliklər və yeni hökumətin xarici siyasət kursu beynəlxalq birliyin diqqət mərkəzindədir. Xüsusilə yeni hökumətin Ukrayna və Avropa Birliyi (AB) ilə münasibətlərinin Viktor Orban dövründən fərqlənməyəcəyi barədə iddialar geniş müzakirə olunur.

Mövzu ilə bağlı NOCOMMENT.aza danışan politoloq Şahin Cəfərli bildirib ki, bu iddialar həqiqətdən uzaqdır və Peter Macarın rəhbərliyi altında Macarıstan tamamilə fərqli bir yol izləyəcək.

O qeyd edib ki, Peter Macarın Avropa Birliyi və Ukrayna məsələsindəki mövqeyi Orbanın destruktiv siyasətindən ciddi şəkildə fərqlənir: “Peter Macar bəyan edib ki, AB tərəfindən Ukraynaya ayrılan 90 milyard avroluq kreditə veto qoymayacaq. O, bu məsələnin artıq həll olunduğunu qəbul edir, sadəcə ölkənin ağır iqtisadi vəziyyəti səbəbindən bu yardıma birbaşa töhfə verə bilməyəcəklərini vurğulayır. Macarın əsas hədəfi Orban dövründə dondurulmuş AB fondlarının tezliklə sərbəst buraxılmasına nail olmaqdır. O, Ukraynanı müharibənin qurbanı kimi tanıyır və bildirir ki, kənardan heç kimin Ukraynaya hansı şərtlərlə sülh bağlamalı olduğunu diktə etməyə haqqı yoxdur. Hətta o, Macarıstanın işğal olunacağı təqdirdə ərazilərindən imtina etməyi xəyanət adlandıraraq Kiyevin mübarizəsinə mənəvi dəstək verir”.

Politoloqun sözlərinə görə, Peter Macarın Rusiya və regional təhlükəsizliklə bağlı baxışları da kifayət qədər prinsipialdır: “P. Macar yaxın vaxtlarda Zelenski ilə görüşəcəyini, Putinə isə özünün zəng etməyəcəyini açıqlayıb. O, Rusiyanı Macarıstanın tarixi təcrübəsinə əsaslanaraq bir təhlükə kimi xarakterizə edir və Avropanı bu təhlükəyə qarşı hazır olmağa çağırır. Enerji məsələsində Rusiya neftindən tam imtina etməsə də, mənbələrin çeşidləndirilməsi və rəqabətin artırılması yolu ilə ölkənin enerji təhlükəsizliyini təmin etmək niyyətindədir. Ukrayna ilə bağlı yeganə sərt mövqeyi onun sürətləndirilmiş AB üzvlüyünə qarşı çıxmasıdır ki, bunu da ölkə daxilindəki illərlə aparılmış Orban təbliğatının nəticələri və təşkilatın meyarları ilə əlaqələndirir”.

Şahin Cəfərli vurğulayıb ki, Viktor Orban və Peter Macarın ideoloji baxımdan eyniləşdirilməsi fundamental bir səhvdir: “Hər iki siyasətçinin sağçı olması onların eyni baxışlara sahib olduğu mənasına gəlməyir. Viktor Orban hakimiyyət maraqları naminə hər cildə girən, liberalizmdən qatı mühafizəkarlığa keçən bir opportunist və buqələmundur. Peter Macar isə sağ-mərkəzçi və liberal konservatordur. Orbanın populist millətçiliyindən fərqli olaraq, Macar daha prinsipial və Avropaya inteqrasiya tərəfdarı olan bir xətt izləyir. Bu səbəbdən Macarıstanın yeni hökumətinin xarici siyasətinin köhnə sistemin davamı olacağını düşünmək yanlışdır”.

Tunar,
NOCOMMENT.az

Seçilən
14
nocomment.az

1Mənbələr