AZ

Bir anlıq təsəvvür edin: nə zəng var, nə mesaj, nə də sosial şəbəkələr REPORTAJ

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 aprel, AZƏRTAC

Bu gün telefon və sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Səhər oyanar-oyanmaz əksəriyyətimizin etdiyi ilk iş çox vaxt telefonumuza baxmaq olur. Bir anlıq təsəvvür edin: nə zəng var, nə mesaj, nə də sosial şəbəkələr. Bəs belə bir gündə həyatımız necə dəyişərdi? Vaxtımızı necə dəyərləndirərdik?

AZƏRTAC-ın müxbirləri mövzu ilə əlaqədar paytaxt sakinləri və şəhərimizin qonaqlarının fikirlərini öyrəniblər.

İlk öncə bu mövzuda gənclərin cavabları bizim üçün maraqlı gəldi.

Paytaxt sakini Bahar Danova gününün çox hissəsini telefondan istifadə etməklə keçirdiyini bildirib. O, bir gün telefon və sosial şəbəkələr olmasa, vaxtını gəzmək və əylənməklə keçirə biləcəyini qeyd edib: “Bundan əlavə, kitab oxumağa da vaxt ayırardım. Hazırda sosial şəbəkələrdən istifadə edirik deyə başqa məşğuliyyətlərə demək olar ki, vaxtımız qalmır. Əgər elə bir şansım olsa, zamanı özüm üçün dəyərləndirərdim. Bir gün ərzində telefondan istifadə etməsəm, rəfiqələrimlə vaxt keçirərdim, daha çox informasiyalar əldə edərdim, ətraf mühitlə maraqlanardım. Qısası, onlayn şəbəkədən çıxıb real həyata fokuslanardım”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistraturasında təhsil alan Raul Dəmirov sutkanın üçdəbirini sosial şəbəkədə keçirdiyini, idman və teatrla bağlı mövzularla maraqlandığını qeyd edib.

“Ümumiyyətlə, mən gəzməyi çox sevirəm, özəlliklə Bakını daha çox sevirəm. Vaxt tapdıqca gəlib buraları gəzirəm. Fikrimcə, sosial şəbəkə olmasaydı, bütün günü boş olsaydım, Bakını doyunca gəzərdim. Sevdiyim insanlarla vaxt keçirərdim. Halbuki bu, bizim üçün çox dəyərlidir. “Reels”lər üçün yeni kontentlər yaratmağı sevirəm. Özüm teatr və kino aktyorluğu ilə məşğulam. Tamaşalar üçün yeni pyeslər axtarardım. Fikrimdə ssenarilər varsa, ssenari yazardım. Film və kinoya, teatra nə qədər töhfə versəm, o qədər mənim üçün yaxşı olardı”, - deyə R.Dəmirov qeyd edib.

Sualımıza cavab tapmaq üçün ziyalı və yaşlı nəslin də fikirləri bizim üçün önəmli idi. Nəzərə alsaq ki, bundan 30-40 il əvvəl nə sosial şəbəkələr var idi, nə də mobil telefonlar. O zaman bəs ortayaşlı və yaşlı nəslin nümayəndələri öz zamanlarını necə keçirirdilər?

Şair, filoloq Vahid Şirvanlı gənclik dövründə məşğuliyyətinin ancaq qəzet, jurnal, bədii ədəbiyyat oxumaq olduğunu deyib: “Yaxşı romanlar var idi. Mən qeyd edə bilərəm ki, İsmayıl Şıxlının “Dəli Kür”, Vidadi Babanlının “Vicdan susanda”, Əlibala Hacızadənin “İtkin gəlin” əsərləri hamının stolüstü kitabı idi. İndi isə idmanla məşğul olmaq olar, bir də muğama qulaq asmaq. Yaxşı, maraqlı jurnal və qəzet oxumaq lazımdır. İndiki gənclik elə bir dövrə düşdü ki, bu, onlar üçün bir sınaqdır. O sınaqdan çıxmaq üçün ancaq bircə yol var: elm və mədəniyyətlə məşğul olmaq”.

Paytaxt sakini Tapdıq Hacıyev isə gənclik dövründə təsərrüfatla məşğul olduğunu deyib: “Mənə elə gəlir ki, əvvəlki dövr indikindən maraqlı idi. İndi elə bir dövr gəlib ki, telefon olmasa, yəqin çətin olar. Çünki indi yüksək texnologiyalar, informasiya dövrüdür. Lakin əvvəllər telefonsuz da çox maraqlı idi. Əvvəllər uşaqların hamısı cürbəcür oyunlar oynayırdı. İndi hamısı telefona köklənib. Gənclərə tövsiyə edərdim ki, telefondan az istifadə eləsinlər. Ən çox idmanla məşğul olsunlar, çoxlu kitab oxusunlar”.

Sorğumuza Türkiyədən gələn Emin Uludüz da qatıldı. Onun sözlərinə görə, telefon və sosial media olmasa idi və 30 il əvvələ dönsə idik, kitab oxuyar, sosiallaşar, böyüklərlə həmsöhbət olar, televiziya və radio kanallarını dinləyərdik: “Toplum içində çox olardıq.

Ətrafımızdakılara daha çox zaman ayırmaq imkanımız olardı. Daha yaxşı sosiallaşardıq. Kommunikasiya vasitələri, sosial media insanları cəmiyyətdən təcrid edir, müəyyən mənada araşdırmaya mane olur. Biz köhnə günlər üçün darıxırıq. Lakin dövrümüzün yeniliklərinə də ehtiyacımız var”.

Müxbirlər – Göyçək Mahmudlu, Alvina Həsənova, Nəzrin Qurbanova

Videooperator – Ələkbər Baxşiyev

Fotoqraf – Nicat Haşımov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
50
azertag.az

10Mənbələr