AZ

“İran ətrafında baş verən hadisələrin maliyyə sektoruna birbaşa təsiri gözlənilmir” - ŞAHİN MAHMUDZADƏ

İran ətrafında baş verən hadisələrin Azərbaycanın maliyyə sektoruna birbaşa təsirinin gözlənilmədiyi bildirilir.

SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə mətbuat konfransında qeyd edib.

Onun sözlərinə əsasən, Azərbaycanın cənub qonşusu ilə ixrac və idxalın ümumi ticarətdə payı yüksək deyil. Eyni zamanda, maliyyə sektorunun İranla inteqrasiya səviyyəsi də məhduddur. Bu səbəbdən hazırkı mərhələdə maliyyə sektoruna hər hansı ciddi təsir proqnozlaşdırılmır. Bununla belə, baş verən proseslər diqqətlə izlənilir və zərurət yarandığı təqdirdə proqnozlara müvafiq düzəlişlər ediləcək.

Qeyd olunub ki, Yaxın Şərqdə baş verən hadisələr qlobal bazarlarda neft qiymətlərinin artmasına səbəb olub. Bu isə Azərbaycanın valyuta ehtiyatlarının və tədiyyə balansının güclənməsi ilə nəticələnə bilər. Digər tərəfdən, neftin bahalaşması Azərbaycanın əsas ticarət tərəfdaşları olan və neft idxal edən ölkələrdə inflyasiyanın yüksəlməsinə gətirib çıxarır ki, bu da dolayısı ilə idxal inflyasiyası şəklində ölkəyə təsir edə bilər.

AMB rəsmisi əlavə edib ki, bu istiqamətdə aparılan müşahidələr davam etdirilir, inflyasiya proqnozları daha da dəqiqləşdirilir və yenilənmiş göstəricilərin may ayında ictimaiyyətə təqdim olunması planlaşdırılır.

Müəllif: Günay Hacıyeva
Seçilən
15
1
sia.az

2Mənbələr