
İtaliya Baş naziri Corcia Meloni mövcud vəziyyəti nəzərə alaraq, İsrail ilə müdafiə müqaviləsinin avtomatik yenilənməsini dayandırdıqlarını bəyan edib.
AFN.az xəbər verir ki, Verona şəhərində keçirilən sərgi zamanı mətbuata açıqlama verən Baş nazir Meloni hökumətin cari şərtlər altında bu addımı atmağa qərar verdiyini bildirib.
Eyni zamanda İtaliyanın ANSA agentliyinin məlumatına görə, müdafiə naziri Quido Krosetto hərbi əməkdaşlıq memorandumunun dayandırılması barədə rəsmi məktubu israilli həmkarı İsrail Katsa göndərib. Sözügedən sənəd iki ölkə arasında hərbi texnika və texnoloji araşdırmaların mübadiləsini əhatə edirdi və 13 aprel 2016-cı ildə qüvvəyə minərək hər 5 ildən bir yenilənməni nəzərdə tuturdu. İtaliyada müxalifət partiyaları və vətəndaş cəmiyyəti institutları uzun müddətdir ki, bu əməkdaşlığın dayandırılması üçün hökumətə çağırışlar edirdi.
İtaliya ilə İsrail arasındakı münasibətlərdə gərginliyin artmasına əsas səbəb Livan hadisələri olub. Son günlərdə BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) tərkibində fəaliyyət göstərən italyan hərbi karvanlarına İsrail ordusu tərəfindən atəş açılması Romada kəskin etiraza səbəb olub. Aprelin 8-i və 12-də baş verən bu hadisələrdən sonra İtaliya xarici işlər naziri Antonio Tayani İsrailin Romadakı səfirinin nazirliyə çağırılması barədə göstəriş verib.
Nazir Tayaninin Beyruta səfəri zamanı İsrailin mülki vətəndaşları hədəf alan hücumlarını qəbulolunmaz adlandırması isə İsrail tərəfinin sərt reaksiyasına yol açıb. Cavab olaraq, İsrail Xarici İşlər Nazirliyi İtaliyanın Tel-Əvivdəki səfiri Luka Ferrarini nazirliyə çağıraraq bu bəyanatlara etirazını bildirib.
Digər tərəfdən, Baş nazir Meloni ABŞ Prezidenti Donald Trampın Roma Papası 14-cü Levonun ünvanına işlətdiyi ifadələri də qəbulolunmaz hesab etdiyini təkrar vurğulayıb.