AZ

Kirayə mənzilləri kimlər və necə bahalaşdırır?

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda median aylıq kirayə haqqı 1 000 manatı ötüb. 

Bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. 

Sənədə əsasən, mənzil bazarı ilə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən dekabr ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 1 002 manat təşkil edib ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 20,9 il olmasını şərtləndirir. 

2024-cü illə müqayisədə kapitalizasiya müddətində 1,4 illik artım müşahidə olunur ki, bu da il ərzində mənzil qiymətlərinin artımının kirayə qiymətləri ilə müqayisədə daha sürətli artımı ilə əlaqələndirilir. 

Qeyd edək ki, bu gün ölkədə, xüsusilə də paytaxtda kirayə mənzillərdə yaşayanların sayı kifayət qədərdir. Kirayə mənzillərin qiymətində isə davamlı olaraq artım müşahidə olunur. 

Ümumiyyətlə, ölkədə kirayə mənzil bazarında qiymətlər nəyə əsasən tənzimlənir və qiymətlərin yüksək olması nə ilə bağlıdır? 

Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Anar Nəsirov “Cebheinfo.az”-a bildirib ki, bütün dünyada olduğu kimi, əmlak bazarı əslində özü-özünü tənzimləyir: 

“Belə ki, müştəri çox olarsa, tələbat çox olar və qiymətlər də artır. Eləcə də kirayə ev verənlərin sayı az, tələbat çox olduqda, əmlak bazarı qiymətlərin artması kimi mexanizmlə işləyir. Yəni bu, tələb-təklif məsələsidir. 

Tələb çox olarsa, qiymət artır, tələb az olarsa, qiymətlər aşağı enir. Azərbaycana gəldikdə isə 2018-2019-cu ildən pilot layihə çərçivəsində Bakı şəhərinin abadlığı və yenilənməsi üzrə bir çox layihələr həyata keçirilir. 

Bu layihələr zamanı istismar müddəti bitmiş və köhnə 3-5 mərtəbəli binaların söküntüsü reallaşdırılır. Söküntü zamanı tikinti şirkətləri ev sahibləri ilə müvafiq razılığa gəlirlər. Bu razılıq dörd mərhələdən ibarətdir. 

Birincisi, evin sahəsi ölçülərək əmlak sahibi ilə şirkət arasında razılıq əldə edilir. İkinci mərhələdə həmin binanın yerində tikiləcək yeni binada ev sahibinə necə kvadrat mənzil verəcəyi, üçüncü mərhələdə təmir pulunu şirkətin əmlak sahibinə ödəyəcəyi və yaxud öz öhdəsinə götürəcəyi öz əksini tapır. 

Digər məsələ isə odur ki, bina tikilib təhsvil verilənə qədər həmin kvartalda yaşayan sakinlər köçürülür, kirayə mənzillə təmin edilir və yerində bina tikildikdən sonra həmin əmlak sahibi mənzillə təmin edilir. 

Yəni 2018-ci ildən bəri istimara yararsız binalarla bağlı layihələr davam edir və nəzərə alsaq ki, bir binanın tikintisi 2-2,5 il davam edir, hər kvartalda 80-120 sakin yaşayır, onlar həmin müddətdə kirayədə qalırlar. 

Həmin vətəndaşlar da kirayəyə köçərkən öz avadanlıqlarını da apardıqlarına görə asanlıqla mənzili dəyişə bilmirlər. Ona görə də məcburdurlar ki, yeni bina tikilənədək həmin mənzildə yaşasınlar”. 

Ekspertin sözlərinə görə, reallaşan bu layihələri nəzərə alsaq , paytaxt daxilində nə qədər kirayə evə tələbat olduğu aydın olar: 

“Bu tələbat hər il daha da artır. Bir bina tikilib təhvil verilənədək, digər ərazidə binalar sökülür və bu zaman görürük ki, həm kirayə götürənlərin sayı ev verənlərin sayından bir neçə dəfə çox olur, həm də tutduqları mənzillər 2 il müddətinə təkrar kirayə mənzillər bazarına qayıtmır. 

Digər bir amil isə odur ki, digər bölgələrdən iş üçün insanların Bakıya gəlməsi və kirayə mənzillə təmin edilməsi kirayə mənzillərə tələbatı artırır. Burada kirayə mənzilə ehtiyacı olan üçüncü qrup tələbələr, dördüncü isə turistlərdir. Hazırkı kirayə bazarında tələb təklifi üstələyir. 

Əgər 2018-ci ilədək kirayə mənzil bazarına gündəlik 50-80 mənzil çıxarılırdısa, bu gün həmin rəqəm 5-6-ya qədər enib. Buradan da görünür ki, həm kirayə mənzillərin sayının az olması, hər gün yeni təkliflərin, yeni söküntülərin olması, kvartalların köçürülməsi nəticəsində tələb təklifi bir neçə dəfə üstələyir. 

Bu vəziyyətdən də bəzi işbazlar, əmlak sahibləri yararlanmağa çalışırlar. Demək olar ki, hər il kirayə mənzillərin qiymətini artırırlar. Orta hesabla hər il 18-20 faiz kirayə mənzillərin qiymətini artır. 

2019-cu ildə şəhərin mərkəzi hissəsində 450-500 manat kirayə verilən mənzil indi 1000 manata verilir. Buradan da görünür ki, cəmi bir neçə il ərzində kirayə mənzil bazarında nə qədər qiymət artımı olub. Konkret olaraq bu artımın nə qədər davam edəcəyi ilə bağlı fikir söyləmək çətin olar. 

Hər il kirayə mənzilə tələbat artır və kirayə mənzillərin də sayı azaldığı üçün müvafiq faiz dərəcələrində qiymət artımı müşahidə edilir. Bundan başqa, kirayə mənzillər istər yerli, istərsə də xarici investorların diqqətini cəlb edir. 

Belə ki, kiçik ölçülü, 50-80 kavadratlıq mənzili alıb kirayə vermək kimi biznes fəaliyyəti geniş yayılıb. Yəni kirayə qiymətlərinin yüksək olması ilə bağlı bu faktor geniş vüsət alıb”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

Kirayə mənzillər Anar Nəsirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr