
İspaniyada azlıq təşkil edən sol koalisiya hökuməti ölkədəki 500 mindən çox qeyri-qanuni miqrantın rəsmi yaşayış və iş icazəsi almasını təmin edəcək prosesə start verib.
AFN.az xəbər verir ki, Nazirlər Kabineti tərəfindən qəbul edilən fövqəladə qərarnaməyə əsasən, 1 yanvar 2026-cı il tarixinədək İspaniyaya daxil olan, burada ən azı 5 ay fasiləsiz qalan, cinayət qeydi olmayan və ictimai asayiş üçün təhlükə yaratmayan bütün miqrantlar leqallaşmaq üçün müraciət edə biləcəklər.
Miqrantlar 16 aprel tarixindən etibarən internet üzərindən, 20 apreldən isə Sosial Müdafiə, Poçt və Miqrasiya idarələrindən müraciət etmək hüququ qazanacaqlar. Hökumət sözçüsü və Miqrasiya naziri Elma Saiz bu addımı "etik ardıcıllıq və sosial ədalət aktı" kimi qiymətləndirərək, müraciət müddətinin 30 iyunda başa çatacağını bildirib.
Hazırda Çində səfərdə olan Baş nazir Pedro Sançes mövzu ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək, bu qərarın gündəlik həyatın bir parçası olan təxminən yarım milyon insanın reallığının tanınması olduğunu vurğulayıb. Sançes "Bu gün bir daha ispan olmağımla fəxr edirəm" ifadəsini işlədərək, bu insanların bərabər şərtlərlə yaşamalı olduqlarını qeyd edib.
Qərarnaməyə görə, pasportunun vaxtı keçmiş şəxslər də müraciət edə biləcək, mənşə ölkəsindən məhkumluq haqqında arayış ala bilməyənlər üçün isə sənədi İspaniya hökuməti rəsmi kanallarla tələb edəcək. Digər tərəfdən, ana müxalifətdəki sağçı Xalq Partiyası (PP) və ifrat sağçı "Vox" partiyası bu qərara kəskin etiraz ediblər. Avropa Parlamentindəki bəzi qruplar da İspaniyanın bu addımını Avropa İttifaqı üçün təhdid adlandırıblar. Rəsmi statistikaya görə, hazırda İspaniya əhalisinin 20 faizini miqrantlar təşkil edir.