“Şimal Böyük Yol Qovşağı Kompleksi” layihəsinin təqdimat mərasimi keçirilib.
Pravda.az xəbər verir ki, layihə rəhbəri olan nəqliyyat eksperti Aslan Əsədov yol kompleksləri, şəhərin müxtəlif ərazilərindəki təyinat nöqtələrində olan tıxacların aradan qaldırılması üçün təkliflərini irəli sürüb.
Onun sözlərinə görə, Bakı şəhərinin əhalisi təxminən 10 il ərzində 1,5 dəfədən çox artıb: "Bu da ümumi olaraq nəqliyyat sıxlığına səbəb olub. Tıxaclar özü ilə bərabər xəstəliklər də yaradır. Bakı şəhərin ümumi nəqliyyat tendensiyasına baxsaq, digər şəhərlər sistemindən fərqli olaraq yarımadada yerləşir. Bu da şəhərin nəqliyyat cəhətdən bir neçə mərhələyə ayrılmasına ehtiyac duyulur. Birinci növbədə Şimal girişinin daha çox nəzərə çarpdığını və tıxacların Bakı şəhərinin şimal girişindən daha çətin, ziddiyyətli, o cümlədən pik saatlarından asılı olmayaraq tıxacların olmasını görürük. Əvvəllər adətən şənbə-bazar və bayram günlərində tıxaclar az olurdu, amma son zamanlar şəhərin hər bir yerində hər zaman tıxac müşahidə edilir. Bakı şəhərinin girişində Sulutəpə dairəsindən Xocasən dairəsi istiqamətində böyük bir ərazi var. Orada olan yaşıllıq nəzarətsiz vəziyyətdədir. Parkın inşa edilməsi məqsədəuyğundur. İnşa edilən parkda Binəqədi, Sulutəpə, Biləcəri, Xocasən, Xırdalanın özü, Müşfiq qəsəbəsi istiqamətində böyük park kompleksi yaradılarsa, insanların vaxtını əlverişli keçirməsinə, eləcə də nəzarətsiz qalan ərazi abadlaşdırılarsa şəhər mühitinə stimul olar".
Ekspert qeyd edib ki, Xırdalan dairəsinin alternativi olaraq Xırdalan şəhərinə Bakı-Şamaxı-İsmayıllı yolundan üç nöqtədə təyinat vermək lazımdır: "Yəni tək Xırdalan dairəsi, Sumqayıt yolundan Xırdalana giriş yox, Şamaxı-Muğanlı yolundan da tunel və ya yol ötürücü vasitəsilə Xırdalan şəhərinə iki girişi etmək olar.
Bakı şəhəri, Rəsulzadə qəsəbəsinin yaxınlığında olan Azadlıq prospekti Baksol yolu, Biləcəri istiqamətində olan ərazi üzrə yeni yol ötürücünün və ya tunel tipli yol qovşağının inşasını nəzərədə tutmaq olar. Bu tip yol qovşağı ümumi hərəkət axınlarının istiqamətlərini təyin edə bilir. Tıxac və yolda qalma ehtimalı minimuma enir”.
A.Əsədov qeyd edib ki, Bakı şəhəri mürəkkəb relyefə sahibdir və gözəl xüsusiyyətələrindən biri də suyu hopma qabiliyyətinə malik olmasıdır: “3-4 məntəqəni çıxmaq şərtilə, Bakı şəhərinin torpaq yatağı, quruluşu elədir ki, qum və gildir. Şəhər memarlığının əsasını yerdə qənbər daşlarının istifadə olunması təşkil edir. Bu memarlıq cəhətdən də gözəl görünüşə malikdir həm də ümumi olaraq yağıntı əsnasında sular birbaşa torpağa hopur və ərazi yağış sularından tez zamanda azad olur".
Şəhanə Quliyeva


