AZ

Psixopatlar hansı peşələrə meyil edirlər?

İllinoys Urbana-Champaign Universitetinin (ABŞ) apardığı yeni araşdırma şəxsiyyət xüsusiyyətləri ilə karyera seçimi arasındakı maraqlı əlaqəni üzə çıxarıb. 2026-cı il tarixli tədqiqatın nəticələrinə görə, psixopatik meyilləri olan şəxslər daha çox insan təmasının az olduğu texniki və izolyasiya edilmiş sahələrə üstünlük verirlər.

17-32 yaş arası 600-dən çox tələbə üzərində aparılan araşdırmada iştirakçıların xüsusiyyətləri "Qaranlıq Triada" (psixopatiya, Makiavellianizm və narsisizm) üzrə qiymətləndirilib. Məlum olub ki, yüksək psixopatiya balı toplayanlar (cəsarət, amansızlıq və impulsivlik nümayiş etdirənlər) praktik və real işlərə daha çox maraq göstərirlər. Siyahıda mexanika, texniki xidmət və mühəndislik kimi sahələr ilk sıralardadır. Tədqiqatçılar bunu həmin peşələrin aşağı sosial qarşılıqlı əlaqə və təcrid olunmuş iş mühiti təklif etməsi ilə əlaqələndirirlər.

Narsisist şəxslərin seçimi isə tam fərqlidir. Onlar diqqət mərkəzində ola biləcəkləri, tanınma və təsir imkanı qazanacaqları incəsənət, siyasət, hüquq və biznes kimi sahələrə meyl edirlər. Digər tərəfdən, Makiavelli meylləri olanlar da psixopatlar kimi insan yönümlü peşələrdən uzaq durmağa çalışırlar.

Tədqiqatın ən maraqlı məqamlarından biri səhiyyə sektoru ilə bağlıdır. Bu sahəni seçənlərdə yüksək cəsarət aşkar olunsa da, onlarda amansızlıq və impulsivlik səviyyəsi aşağıdır. Bu o deməkdir ki, tibb işçilərinin böhran anındakı soyuqqanlılığı psixopatik xüsusiyyətlərlə bənzərlik təşkil etsə də, onların daxili motivasiyası tamamilə fərqlidir.

Alimlər "uğurlu psixopatlar" və "uğurlu narsisistlər" barədə xəbərdarlıq edirlər. Bu şəxslər xarizmatik və güclü sosial bacarıqlara malik olduqları üçün karyera pillələrində sürətlə yüksələ bilirlər. Lakin rəhbər vəzifələrə gəldikdə, onların qəbul etdiyi qərarlar təşkilatlar üçün ciddi risklər və idarəolunmaz fəsadlar yarada bilər.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
20
azerbaijan-news.az

1Mənbələr