ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Namiq Bilal
Birləşmiş Ştatların İran planını düzgün oxumaq üçün məsələyə yalnız İran prizmasından deyil, daha geniş pəncərədən baxmağa ehtiyac var. 21-ci əsrin ən böyük qarşıdurması ABŞ-Çin toqquşmasıdır. Çinə üstün gəlməyin real formulu bu ölkəyə gedən neft-qaz axınını nəzarət altına almaqdır. Trampın Ağ Evə gəlməsindən bu yana rəsmi Vaşinqton böyük anlamda məhz bu işlə məşğuldur. Çinin əsas nefti Venesueladan, Rusiyadan və körfəz ölkələrindən gedir. Ən əhəmiyyətlisi körfəzdir. Pekin özünün neft təchizatının 55 faizini, qaz təchizatının isə 30 faizini Hörmüz boğazından keçməklə İrandan və Körfəz ölkələrindən təmin edir.
Tramp Venesuelanı asanlıqla ələ keçirdi. Putinlə də Trampın min-bir oyunu var. Ukrayna müharibəsi vasitəsilə Putini sıxan Tramp Rusiya neftini və qazını da nəzarətə götürməyə çalışır. Alyaska sammitində Tramp bu məqsədə qismən nail olub və Sibirin neft-qaz sahələrinin qapıları Amerika şirkətlərinin üzünə açılıb. Yəni, Rusiya enerji daşıyıcıları tam olmasa da, xeyli ölçüdə amerikalıların nəzarətindədir və Tramp bu gün də Putinin ətəyini buraxmır. Körfəzin nefti və qazı da ABŞ-nin tam nəzarətinə keçsə, Çinin iqtisadi tənəzzülü qaçılmaz olacaq.
Körfəz neftinə nəzarət üçün İranı və Hörmüz boğazını kontrol altına almaq olmazsa-olmazdır. Söhbət “petro-dollar” sisteminin və ABŞ hegemoniyasının ölüm-dirim məsələsidir. Tramp istəsə belə bu oyundan vaz keçə bilməz.
İran məsələsi iki çox mühüm istiqamətdə ABŞ üçün vazkeçilməzdir. Bunlardan birincisi, yuxarıda deyildiyi kimi, Körfəz ölkələrinin neftinə nəzarət məsələsidir. İkinci həyati dərəcədə önəmli məsələ isə Çin-İran strateji müttəfiqliyinin dağıdılmasıdır.
İranla strateji müttəfiqlik Çinə imkan verir ki, ABŞ-nin Böyük Orta Doğu siyasətini darmadağın etsin. Ağ Ev onilliklər boyunca İranı İsrailə və Körfəzin ərəb monarxiyalarına qarşı qoyaraq idarə olunan konfliktlər sistemi qurub, bölgəni parçalayıb və öz maraqlarına tabe edib. Rəsmi Pekin isə oyuna tam fərqli yanaşma sərgiləyir. Yada salaq ki, məhz Çinin ciddi səyləri nəticəsində İranla Səudiyyə Ərəbistanı arasında yaxınlaşma baş verib. Bu yaxınlaşma geosiyasi zəlzələ effekti doğurmuş və Birləşmiş Ştatların bölgəni “parçala və yönəlt” siyasətini baltalamışdı. Birləşmiş Ştatların maraqları baxımından bu, yolverilməzdir. Körfəzə və bölgənin neftinə nəzarət itirilərsə, Amerika hegemoniyası çökər. Başda Tramp olmaqla Ağ Evin köklü maraqları bu ssenarini heç zaman qəbul edə bilməz və əldə olan bütün vasitələrdən istifadə edərək Çin-İran müttəfiqliyini boğmağa çalışacaqlar.
İranı nəzarətə götürmək, bu mümkün olmasa, dağıtmaq üçün bütün variantlar masa üzərindədir. Trampın İrana qarşı həmlələri ilk baxışdan məntiqsiz görünə bilər. “Gücünü düzgün hesablamadan hücum etdi, bataqlığa saplandı, qurtulmağa çalışır” və s. kimi yanaşmalar bütün informasiya məkanını doldurub. Bu informasiya xaosunun içində Trampın yürüdüyü ana xəttin konturları İslamabaddakı ABŞ-İran görüşməsindən dərhal sonra sezilməyə başladı. Ağ Ev rəsmi Tehrana qarşı qəbuledilməz şərtlər irəli sürdü, danışıqların nəticəsiz başa çatmasına nail oldu. Görüş bitər-bitməz “İran əsas məsələlərdə güzəştə getmir” deyən Vaşinqton İrana qarşı növbəti addımını açıqladı: blokada!
İrana qarşı dəniz blokadası dövrəyə girir. İndi anlaşılır ki, 15-20 min nəfərlik dəniz piyadaları və xüsusi təyinatlılar bölgəyə niyə gətirilir. “Hark adasını işğal edəcəyik, Hörmüz boğazını hərbi güclə açacağıq” deyib gözə kül üfürdülər və çox ağıllı taktika yeridirlər. Dəniz piyadaları və komandolar bölgəyə gətirilən yeni aviadaşıyan gəmilərdən və digər dəniz ünsürlərindən istifadə edərək İranı dənizdən blokadaya alacaqlar. İranı həyatda saxlayan beynəlxalq ticarətin əsas axını dəniz üzərindən həyata keçirilir. ABŞ dəniz gücü Hörmüz boğazını deyil, boğazdan çıxıb dənizə açılan ticarət yolunu nəzarətə götürməyi planlayır. Bu, İranın beynəlxalq aləmlə əlaqəsinin demək olar ki, tam kəsilməsi deməkdir. İran öz neftini çıxardı və ya çıxarmadı, fərq etmir. Onsuz da sata bilməyəcək. Üstəlik, ölkənin sosial-iqtisadi həyatını təmin edən dəniz ticarətini də apara bilməyəcək.
Son 45-50 gündə baş verənləri bir sapa düzərək nəzərdən keçirək. Öncə İranın ali dini lideri başda olmaqla ölkənin siyasi və hərbi rəhbərliyində təmsil olunan bir çox şəxs öldürüldü. Davamında qırx gün ərzində ölkənin infrastruktur obyektləri və ən əhəmiyyətli sənaye müəssisələri vuruldui. İndi də bu ölkəyə qarşı iqtisadi blokada qurulur. Blokada səmərəli olacaqsa, İran rejiminin və böyük ehtimalla bütöv İran dövlətinin ayaqda qalmaq şansı sıfıra yaxınlaşacaq.
Son etirazlarda xeyli sayda günahsız insanı qətlə yetirmiş fars rejimi onsuz da uzun müddət davam edə bilməzdi. Düzdür, xaricdən hücum xalqı qısa müddətə dövlətçilik ətrafında birləşdirdi. Amma bu heç vəchlə rejim ətrafında birləşmə deyil. Heç şübhəsiz, xalq öz hesabını rejimdən soracaq. Blokada aktiv müharibə deyil. Bombardmanlar dayandıqdan sonra sosial problemlər önə çıxacaq. İşsiz, sosial təminatsız, pulsuz qalmış, üstəlik blokadanın gətirəcəyi misilsiz çətinliklərdən usanan xalq yenidən hərəkətlənəcək. İrandakı rejiminin əsl problemləri məhz o zaman başlayacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.