Paris beynəlxalq sularda bu cür fəaliyyətləri qanunsuz hesab edərək, Amerikanın Hörmüz boğazını blokada etməsini dəstəkləmir.
“Cebheinfo.az”-ın məlumatına görə, Fransanın xarici işlər naziri Jan-Noel Barro “RFI”-yə açıqlamasında belə deyib.
“Beynəlxalq sularda naviqasiya bəşəriyyətin ortaq irsidir. Ona görə də bu blokadanı mümkün qədər tez aradan qaldırmaq lazımdır”,- deyə nazir bildirib. Jan Noel Barro əlavə edib ki, əslində hər iki tərəf - ABŞ və İran- eyni təzyiq vasitəsindən istifadə edərək növbə ilə boğazı bağlayır.
Fransalı nazirin sözlərinə görə, uzunmüddətli blokada qlobal iqtisadiyyata və vətəndaşların alıcılıq qabiliyyətinə ciddi ziyan vuracaq.
“Bu münaqişənin qlobal iqtisadiyyatı girov götürməsinə icazə verə bilmərik”,- deyə Barro qeyd edib. Eyni zamanda, Fransa XİN rəhbəri ölkəsinin Böyük Britaniya ilə birlikdə yaxın günlərdə boğazdan ticarət gəmilərinin müşayiətinin təşkili ilə bağlı konfrans keçirəcəyini deyib.
Barro bildirib ki, missiyanın ciddi müdafiə xarakteri daşıması, eyni zamanda, İran və Omanla koordinasiya edilməsi şərtilə bir çox ölkə bu təşəbbüsə maraq göstərib.