AZ

Elm və insanlıq yolunun işıqlı siması ŞƏRH

Tarix boyu xalqların yaddaşında dərin iz buraxan şəxsiyyətlər öz əməlləri, mənəvi keyfiyyətləri və xalqa xidmətləri ilə seçilirlər. Belə görkəmli insanlardan biri də ömrünü insan sağlamlığının qorunmasına, elmin inkişafına və Vətənə sədaqətlə xidmətə həsr etmiş akademik, tanınmış oftalmoloq-alim Zərifə Əziz qızı Əliyevadır. Onun həyat yolu və fəaliyyəti bu gün də aktuallığını qoruyur, yeni nəsillər üçün örnək olaraq qalır.

Hər il 15 aprel tarixində qeyd olunan anım günü Zərifə xanımın əziz xatirəsinin ehtiramla yad edilməsi, onun zəngin elmi irsinin və yüksək mənəvi dəyərlərinin bir daha xatırlanması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün yalnız bir alimə ehtiram günü deyil, həm də elmə, humanizmə və insanlığa xidmət ideallarının təbliğ olunduğu bir gündür.

Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Uşaqlıq illərindən elmə və biliyə böyük maraq göstərən Zərifə xanım gələcək həyat yolunu məhz bu istiqamətdə qurmuşdur. Orta məktəbi uğurla başa vurduqdan sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə ali təhsilini əla qiymətlərlə tamamlamışdır. Hələ tələbəlik illərindən seçilən zəhmətkeşliyi, məsuliyyəti və elmə olan sevgisi onun gələcəkdə böyük alim kimi formalaşacağından xəbər verirdi.

Peşə fəaliyyətinə başlayan gənc həkim 1949-cu ildən etibarən Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışaraq həm praktik, həm də elmi fəaliyyətini paralel şəkildə inkişaf etdirmişdir.

Zərifə Əliyevanın elmi maraqları yalnız bir sahə ilə məhdudlaşmamışdır. O, peşə patologiyası, göz xəstəliklərinin profilaktikası, virus mənşəli xəstəliklər, qlaukoma və iltihabi proseslər kimi mühüm istiqamətlərdə fundamental araşdırmalar aparmışdır. Onun “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası Moskva şəhərində yüksək qiymətləndirilmiş, bu tədqiqat onun dünya miqyasında tanınmasına zəmin yaratmışdır.

Zərifə xanım 12 monoqrafiya, 150-yə yaxın elmi məqalə, dərslik və metodik vəsaitlərin müəllifi kimi oftalmologiya elminin inkişafına əvəzsiz töhfələr vermişdir. Onun elmi əsərləri bu gün də aktuallığını qoruyur və mütəxəssislər üçün dəyərli mənbə hesab olunur. Bununla yanaşı, o, pedaqoji fəaliyyətə də xüsusi önəm vermiş, uzun illər Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışaraq gənc kadrların yetişdirilməsində mühüm rol oynamışdır. 1983-cü ildən etibarən institutun oftalmologiya kafedrasına rəhbərlik edən alim öz bilik və təcrübəsini yeni nəsil həkimlərlə bölüşmüşdür.

Zərifə Əliyevanın fəaliyyəti yalnız elmi sahə ilə məhdudlaşmamış, o, həm də böyük humanist kimi tanınmışdır. Xüsusilə kimsəsiz uşaqlara göstərdiyi diqqət, uşaq evlərində xəstəliklərin qarşısının alınması istiqamətində gördüyü işlər onun yüksək mənəvi keyfiyyətlərinin bariz nümunəsidir. O, respublikanın müxtəlif bölgələrini gəzərək maarifləndirici çıxışlar etmiş, insanları sağlamlıqlarının qorunmasına diqqət yetirməyə çağırmışdır.

Zərifə xanım həm də nümunəvi ailə başçısı idi. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə birlikdə möhkəm ailə qurmuş, ailə dəyərlərinə sadiq qalaraq həm də qayğıkeş ana kimi övladlarının tərbiyəsində mühüm rol oynamışdır. Onun həyat fəlsəfəsi ailə, elm və cəmiyyət arasında mükəmməl tarazlıq yaratmağın mümkünlüyünü sübut edirdi.

Zərifə Əliyevanın həyatı bir daha sübut edir ki, insan öz əməlləri, zəhməti və mənəvi dəyərləri ilə əbədilik qazana bilər. O, elmə, insanlığa və Vətənə xidmətin ən parlaq nümunələrindən biridir. Bu böyük şəxsiyyətin irsi hər birimiz üçün örnəkdir və gələcək nəsillər üçün yol göstəricisi olaraq qalacaqdır. Onun xatirəsi daim yaşayacaq, adı isə Azərbaycan tarixində qızıl hərflərlə yazılmağa davam edəcəkdir.

Lalə Mədətova

YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Seçilən
13
1
sia.az

2Mənbələr