Bu həftə Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) yaz görüşləri keçirilir.
Röyters Agentliyinin məlumatına görə, görüşlərin əsas mövzusu yeni qlobal iqtisadi vəziyyətdir. Dünya ölkələri Yaxın Şərqdəki İran müharibəsi və onun yaratdığı enerji qiymətləri, inflyasiya və borclanma problemlərini müzakirə edirlər.
Hazırda bir çox inkişaf etməkdə olan ölkələr yenidən maliyyə təzyiqi ilə üz-üzədir və BVF-nın dəstəyinə ehtiyacı var. Ukrayna BVF-dən 8.1 milyard dollarlıq yeni proqram alıb. Amma ölkə ciddi islahatlar həyata keçirməlidir. Vergi gəlirlərini artırmaq, korrupsiyanı azaltmaq və valyuta siyasətini yumşaltmaq da əsas şərtlərdir. Avropa İttifaqının da əlavə maliyyə dəstəyi vacib rol oynayır.
Seneqalda isə gizli borcların aşkarlanması iqtisadi proqramı dayandırıb. BVF ilə yeni razılaşma üçün danışıqlar davam edir, amma ciddi büdcə islahatları tələb olunur.
Mozambik BVF ilə yeni kredit proqramı üzərində işləyir. Ölkə borclarını yenidən strukturlaşdırmaq istəyir və yaxın aylarda yeni razılaşma gözlənilir.
Qabonda siyasi qeyri-sabitlik iqtisadiyyatı zəiflədib. Ölkə BVF-dən dəstək proqramı almaq üçün danışıqlara başlayıb.
Misir artıq milyardlarla dollar BVF dəstəyi alıb, amma enerji qiymətləri və xarici asılılıq ölkəni risk altında saxlayır. Daha çox maliyyə dəstəyi istənilə bilər.
Venesuelanın BVF-də dondurulmuş 5 milyard dollarlıq vəsaiti hələ də blokdadır. Amma iqtisadi məlumatların yenidən paylaşılması gələcəkdə əməkdaşlığın bərpasına işarə ola bilər.
Qeyd edək ki, qlobal iqtisadi təzyiqlər getdikcə yüksəlir və bir çox ölkə BVF dəstəyinə ehtiyac duyur. Enerji böhranı və borc problemləri, xüsusilə inkişaf etməkdə olan ölkələri çətin vəziyyətə salır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”