Bakı, 14 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə sahəvi assosiasiyalarla silsilə görüşlərini davam etdirir. Növbəti belə görüş DVX-nin Vergi siyasəti baş idarəsinin əməkdaşları ilə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin (İB) üzvləri arasında olub.
DVX-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı biznes nümayəndələri ilə davamlı və səmərəli kommunikasiyanın qurulmasına Vergi Xidməti tərəfindən xüsusi önəm verildiyi vurğulanıb.
Bildirilib ki, inzibatçılıq və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində özəl sektorun təklifləri mütəmadi olaraq toplanır.
Tədbirdə çıxış edən assosiasiya üzvləri gündəlik fəaliyyət zamanı qarşılaşdıqları praktiki məsələləri, xüsusilə zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi mexanizmlərini diqqətə çatdıraraq öz təkliflərini səsləndiriblər. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar qida və qeyri-qida məhsulları üzrə təbii itki normalarına yenidən baxılmasını, həmçinin xarabolma halları üzrə vahid normaların müəyyən edilməsini təklif ediblər.
Müzakirələrin sonunda dövlət-biznes tərəfdaşlığının daha da gücləndiriləcəyi və sahibkarların rəyinin öyrənilməsi məqsədilə bu formatda dialoqların davam etdiriləcəyi diqqətə çatdırılıb.