AZ

Əhaliyə XƏBƏRDARLIQ: Bunu etsəniz, fırıldaqçıların qurbanı olacaqsınız

Son dövrlərdə sosial şəbəkələrdə maliyyə dələduzluqlarının artması vətəndaşlar üçün ciddi risklər yaradır. Xüsusilə, müxtəlif kredit təklifləri adı altında yayılan elanlar istifadəçilərin diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında çox vaxt saxta sxemlər dayanır.

Bəs vətəndaşlar bu tələlərdən necə qoruna bilər?

Mövzu ilə bağlı informasiya təhlükəsizliyi mütəxəssisi Rəşad Zeyvəliyev KONKRET.az-a açıqlamasında bildirib ki, son vaxtlar sosial şəbəkələrdə Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) adından saxta səhifələr yaradılır və vətəndaşlara kredit təklif olunur.

“Bu cür hallarda istifadəçilərə sürətli və ya faizsiz kredit vədləri verilir. Daha sonra isə kreditin rəsmiləşdirilməsi üçün öncədən ödəniş tələb edilir. Bəzi hallarda isə vətəndaşlardan və ya digər ödəniş sistemlərinə giriş məlumatları istənilir.

Heç bir rəsmi BOKT kredit verilməsi üçün əvvəlcədən ödəniş tələb etmir və istifadəçilərdən hesablarına giriş məlumatlarını istəmir. Bu cür məlumatların paylaşılması vətəndaşların maliyyə vəsaitlərini itirməsi ilə nəticələnə bilər”.

Rəşad Zeyvəliyev vətəndaşlara tövsiyə edir ki, yalnız rəsmi internet səhifələri və ya təşkilatların ofisləri vasitəsilə müraciət etsinlər, sosial şəbəkələrdə fəaliyyət göstərən şübhəli səhifələrə etibar etməsinlər və şəxsi məlumatlarını üçüncü şəxslərlə paylaşmasınlar.

Ekspert əlavə edib ki, belə hallarla qarşılaşdıqda dərhal müvafiq qurumlara məlumat verilməsi vacibdir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
38
1
konkret.az

2Mənbələr