AZ

"Azercell" 10 aydan bir qiymət bahalaşdırır - ekspert sərt tənqid etdi

"Azercell" 10 aydan bir qiymət bahalaşdırır - ekspert sərt tənqid etdi

"Azercell" ötən yaydan tətbiq etdiyi yeni tarif paketlərinə cəmi 10 ay sonra yenə dəyişiklik edib.

AFN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb. R.Ağayevin sözlərinə görə, məsələn, "hökumətsayağı islahatlar" nəticəsində "Supersən" paketinin qiyməti 10 manatdan 12 manata qaldırılıb: "Ən maraqlısı da odur ki, bununla bağlı müştərilərə xəbərdarlıq mesajları da gəlməyib. Bu səbəbdən nömrəmdə 10 manat olsa da, paketin vaxtı bitən andan yenilənmə olmadı. Özüm zəng edəndən sonra 2 manat köçürməli olduğumu dedilər. Səbəbini də belə izah elədilər ki, paket çərçivəsində təklif olunan 3 GB intenet 5 GB-a yüksəldilib. Bunu hansı zərurətdən ediblər, müştərilər arasında sorğu keçirib buna ehtiyac olduğunu soruşublarmı?

Məsələn, mən artıq 1 ildir ödədiyim 10 manat müqabilində aldığım 300 dəqiqədən maksimum 150 dəqiqə, əksər aylarda isə 100-120 dəqiqə işlətmişəm. İnternet paketinin də yarısını ancaq işlədirəm. Əgər tutaq ki, 100-150 dəqiqəlik danışığa, 2 GB internetə ehtiyacım varsa, "Azercell" belə bir seçim imkanı tanımır. Bu halda mən xərcimi artırmaqla əlavə interneti niyə almalıyam? Rəqabət olmayanda, seçim imkanı olmayanda nəticəsi belə olur".

Ekspert qeyd edib ki, tarif paketləri daha geniş diapazonda və çeşidli qiymətlərlə istehlakçı ehtiyaclarına (həmçinin büdcəsinə) uyğun olmalıdır: "Dəfələrlə yazılıb, deyilib, Azərbaycan regionda mobil internetin ən baha olduğu ölkələrdən biridir. Ölkələrarası məlumatların müqayisəsini təqdim edən "Numbeo"nun ən son rəqəmlərinə görə, standart mobil paketin (aylıq zənglər +10GB internet daxil) qiyməti Azərbaycanda təxminən 13 dollar, Gürcüstanda 11 dollar, Türkiyədə 10 dollar, Ermənistanda 8 dollar təşkil edir".

Redaksiyadan: Tərəfimizdən "Azercell" şirkətinə müvafiq sorğu ünvanlanıb. "Media haqqında" Qanunun tələblərinə və jurnalist etikasına uyğun olaraq, qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk. Şirkətin cavabı təqdim edildiyi təqdirdə operativ olaraq ictimailəşdiriləcək.

Seçilən
42
2
afn.az

3Mənbələr