AZ

40 ildən sonra masa arxasında

İsrail və Livan nümayəndə heyətləri uzun fasilədən sonra bu gün ABŞ-də görüş keçirəcək. Məlumata görə, tərəflər arasında təmas son 40 ildə ilk yüksək səviyyəli görüş kimi qiymətləndirilir.

VAXT.AZ “Associated Press”ə istinadən xəbər verir ki, görüşün Vaşinqtonda baş tutacağı bildirilir. Danışıqlarda bu ölkələrin ABŞ-dəki səfirləri Nada Həmadeh Muavad (Livan) və Jechiel Leiter iştirak edəcək. Görüşə ABŞ dövlət katibi Marko Rubio da qatılacaq.

Danışıqların əsas gündəmində İsrail–Livan sərhədində gərginliyin azaldılması, hərbi toqquşmaların dayandırılması və bölgədə təhlükəsizlik vəziyyətinin sabitləşdirilməsi məsələləri yer alır.

Livan tərəfinin əsas məqsədinin ölkəyə qarşı hücumların dayandırılması və gərginliyin yumşaldılması olduğu bildirilir. İsrail tərəfinin isə təhlükəsizlik siyasəti çərçivəsində bölgədəki strateji hədəflərinə fokuslandığı qeyd olunur.

Son aylarda regionda artan gərginlik, xüsusilə İsrail-Livan sərhəd xəttində baş verən qarşıdurmalar danışıqların əsas fonunu təşkil edir. Livan daxilində fəaliyyət göstərən “Hizbullah” terror təşkilatı ilə İsrail arasında baş verən qarşılıqlı hücumlar vəziyyəti daha da gərginləşdirib.

Bəzi beynəlxalq proseslər və atəşkəs təşəbbüsləri regiondakı vəziyyətə təsir etsə də, tərəflər arasında dərin fikir ayrılıqlarının davam etdiyi bildirilir.

Müşahidəçilərə görə, bu görüş uzun fasilədən sonra tərəflər arasında birbaşa diplomatik təmasların bərpası baxımından mühüm addım kimi qiymətləndirilir. Lakin danışıqların nəticəsinin hansı istiqamətdə inkişaf edəcəyi hələlik qeyri-müəyyəndir.

Seçilən
33
vaxt.az

1Mənbələr