Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov müsahibəsi zamanı bildirib ki, kollektorların üzərində tikilən evlər çox böyük fəsadlara yol açıb. Faktiki olaraq isə 22 sənədli evin kollektorun üzərində inşa edildiyi qeyd olunub.
Bəs bu evlərin tikintisinə vaxtında necə icazə verilib?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirdi ki, Bakının bir sıra hissələrində evlərin su basması, xüsusən də su kollektorlarının fəaliyyəti və eyni zamanda həyət evlərinin tikintisi ilə bağlı məsələləri daha da aktuallaşdırıb:
"Bu hadisə bir tərəfdən xüsusən də bu istiqamətdə monitorinqlərin aparılmasını, kollektorların fəaliyyətinin təkmilləşdirilməsini və onların tam gücü ilə işləməsi üçün tədbirlərin görülməsini aktuallaşdırır. Digər tərəfdən isə bu, bir daha təsdiq edir ki, xüsusən paytaxtda həyət evlərinin inşası zamanı bir sıra hallarda qaydalara əməl olunmur. Bununla bağlı monitorinqlərin aparılmasına və bu istiqamətdə işlərin görülməsinə ehtiyac var. Xüsusən kollektorların üzərində inşa edilən ev sahiblərinə kompensasiya ödənilməsi və onların köçürülməsi daha məqsədəuyğun hesab olunur. Bu yanaşma bir daha göstərir ki, bu istiqamətdə yeni addımların atılmasına ehtiyac var. Son illərdə iqlim dəyişiklikləri səbəbindən normadan artıq yağıntılar müşahidə olunur və növbəti illərdə də belə halların təkrarlanması ehtimalı yüksəkdir. Bu baxımdan hazırlıq işlərinin davam etdirilməsi və fəaliyyətlərin genişləndirilməsi vacibdir. Kollektor üzərində inşa edilən evlərlə bağlı kompensasiya ödənilməsi və həmin evlərin köçürülməsi məqsədəuyğun addım kimi qiymətləndirilir. Bu, gələcəkdə kollektorların fəaliyyətinin daha effektiv tənzimlənməsinə və sistemin tam gücü ilə işləməsinə şərait yarada bilər".
NURİYYƏ