Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanda keçirilən seçkilərdə qələbə qazanaraq Baş nazir seçilən Peter Madyar ilə telefonla danışıb.
Sitat.info “TRT Haber”ə istinadla xəbər verir ki, telefon danışığı zamanı Türkiyə-Macarıstan münasibətlərinin gələcəyi, həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ərdoğan həmkarını qazandığı uğur münasibətilə təbrik edərək, iki ölkə arasındakı bağların ortaq tarix və mədəniyyətə söykəndiyini vurğulayıb. O, yeni dövrdə Ankara və Budapeşt arasındakı əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq platformalarda daha da möhkəmlənəcəyinə inandığını bildirib. Həmçinin strateji tərəfdaşlığın dərinləşdirilməsi arzusu ifadə olunub, eyni zamanda NATO çərçivəsində müttəfiqliyin regional və qlobal sülhə verdiyi töhfələr qeyd edilib.
Xatırladaq ki, Peter Madyarın rəhbərlik etdiyi “Tisza” partiyası aprelin 12-də keçirilən seçkilərdə Viktor Orbanın 16 illik hakimiyyətinə son qoyaraq parlamentdə mütləq çoxluq qazanıb.