AZ

Açıq havada satılan çərəzlərdə şok risklər aflatoksin təhlükəsi

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son dövrlərdə küçə və açıq satış nöqtələrində qoz, fındıq, badam və digər çərəzlərin gigiyenik şəraitə riayət olunmadan satılması ilə bağlı narahatlıqlar artmaqdadır. Xüsusilə dəyişkən hava şəraiti, toz və ətraf mühit çirklənməsi bu məhsulların keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərir. Qida təhlükəsizliyi mütəxəssisləri açıq şəkildə satışa çıxarılan çərəzlərin müxtəlif çirklənmə riskləri daşıdığını və düzgün saxlanma şəraiti olmayan məhsulların istehlakçılar üçün sağlamlıq baxımından təhlükə yarada biləcəyini bildirirlər. Bu səbəbdən istehlakçıların məhsul seçimi zamanı daha diqqətli olmaları və təhlükəsiz satış şəraitinə üstünlük vermələri vacib sayılır.

Qida eksperti Fərid Səfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, küçələrdə üzəri açıq şəkildə qoz, fındıq, badam və digər çərəzlərin satılması təəssüf ki, kifayət qədər risklidir:

"Xüsusilə havaların gah mülayim, gah da küləkli keçməsi bu riskləri daha da artırır. Açıq məhsullar küləklə gələn toz, torpaq hissəcikləri və avtomobil tüstüsünə məruz qalır. Bu çirklənmə gözlə görünməsə də, gigiyenik baxımdan təhlükəlidir. Açıq havada satılan məhsullar insan təması, asqırma-öskürmə, həşəratlar vasitəsilə mikroorqanizmlərlə çirklənə bilər. Qoz-fındıq yağlı məhsullardır. Rütubət və temperatur dəyişdikdə kif göbələklərinin yaranma riski artır, məhsul tez xarab olur, acılaşma (yağın oksidləşməsi) baş verə bilər. Xüsusilə kiflənmiş qoz-fındıqda aflatoksin adlı zərərli maddə yarana bilər ki, bu da qaraciyər üçün təhlükəlidir. Ən təhlükəsiz seçim isə qablaşdırılmış, saxlanma şəraiti göstərilən, quru və sərin mühitdə qorunan, qida təhlükəsizliyi nəzarətindən keçmiş məhsullardır.

Ekspert açıq məhsul alanlara da tövsiyə verdi:

"Məhsulun qoxusuna diqqət edin, rəngində qaralma və ləkə olmamalı, ütubətli və ya yapışqan olmamalıdır. Eyni zamanda satıcının məhsulu örtülü qabda saxlamasına üstünlük verin. Açıq havada, nəzarətsiz şəraitdə satılan çərəzlər risk daşıya bilər. Mümkün qədər təhlükəsiz və gigiyenik şəraitdə satılan məhsullara üstünlük vermək daha doğru seçimdir".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
redaktor.az

2Mənbələr