AZ

“Mənim də özümə görə hədəflərim var və ora çatmaq istəyirəm”

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplomlar verilib.

Diplomları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov təqdim ediblər.

A kateqoriyası alanların arasında Azərbaycan millisinin sabiq üzvlərindən Rauf Əliyev, Rasim Ramaldanov, Rail Məlikov, Ruslan Əmircanov, Rəşad Eyyubov, Maksim Medvedev kimi simalar var.

2025-2026-cı illəri əhatə edən UEFA-nın A kateqoriyalı məşqçi kursunu Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov keçiblər.

Sportinfo.az-a açıqlama verən Rail Məlikov hədəflərinin olduğunu deyib.

Hazırda «Araz-Naxçıvan»ın futbol akademiyasının Bakı üzrə koordinatoru vəzifəsini tutan keçmiş müdafiəçi məşqçilik yolunda irəliləmək istədiyini bildirib:

«Kurs yeddi ay davam etdi. Çətin, amma maraqlı alındı.

Bu müddətdə işin içində oldum. «Araz-Naxçıvan»da çalışdığım üçün imtahanı 17 yaşlılardan ibarət komandayla verdim.

Onların gündəlik hazırlıq prosesində iştirak elədim. Düşünürəm ki, U-17 ilə böyük işlər görə bildik.

Həm özümün, həm komandanın inkişafı baxımından. «Araz»ın 17 yaşlıları ilk dəfə çempionatda pley-off mərhələsinə vəsiqə qazandı.

İndi ikinci yerdə gedirik. Məşqçi korpusu ilə bir yerdə düzgün hazırlıq keçirik.

Kurslarda öyrəndiklərimizi məşqlərdə tətbiq etməyə çalışmışıq. Hamısı da uğurlu alındı.

Əziyyətimiz yerdə qalmadı. Gələcəyə nikbin baxıram. «A» lisenziyası ilə kifayətlənmək fikrim yoxdur.

Vaxtı çatanda «Pro»ya gedəcəm. Mənim də özümə görə hədəflərim var və ora çatmaq istəyirəm.

Düşünürəm ki, bundan sonra məşqçi kimi Azərbaycan futboluna xeyrim dəyə bilər. Özümə inanıram».

Seçilən
13
sportinfo.az

1Mənbələr