AZ

Taksi ictimai nəqliyyat vasitəsidir, elit xidmət deyil

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Taksi fəaliyyəti ilə bağlı tətbiq olunan yeni limitlər və qaydalar minlərlə insanın gəlir mənbəyinə təsir göstərməklə yanaşı, cəmiyyətdə iş imkanlarının məhdudlaşması barədə narahatlıqlar yaradıb. Qısa müddətli perspektivdə bəzi sürücülərin qazancının azalması gözlənilsə də, islahatların əsas hədəfi bu sahəni daha nizamlı və peşəkar formaya keçirməkdir. Hazırda taksi sürücülüyü ilə dolanışığını təmin edən şəxslərin gələcək taleyi və yeni qaydaların sosial-iqtisadi təsirləri əsas müzakirə mövzularından biridir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, taksi sistemində aparılan islahatlar ciddi vəziyyət yaradıb və həm müsbət, həm də mənfi tərəfləri var. "Aydındır ki, hər sahədə tənzimləmə və nizamlama vacibdir. Taksi sahəsində də müəyyən qarışıqlıq və xaos mövcud idi və bu səbəbdən müəyyən tənzimləmələr aparılmalı idi. Lakin bu proses həyata keçirilərkən bir sıra standartlar və tələblərlə yanaşı, digər vacib məqamlar da nəzərə alınmalıdır. Yəni ölkənin iqtisadi və sosial vəziyyətinə uyğun olaraq tələblər də buna uyğun müəyyənləşdirilməlidir. Məsələn, mütləq deyil ki, taksilər ən müasir, ən yeni və bahalı avtomobillər olsun. Çünki taksi ictimai nəqliyyat vasitəsidir, elit xidmət deyil. Bu, sadə insanların istifadə etdiyi nəqliyyat növüdür. Ona görə də maşınların ili, dəyəri və modeli əsas meyar olmamalıdır. Əsas şərt avtomobilin texniki vəziyyətinin standartlara cavab verməsidir, təhlükəsizlik və ümumi texniki tələblər baxımından. Hətta bəzən 25 illik bir avtomobil daha yaxşı texniki vəziyyətdə ola bilər, nəinki 5 illik bir maşın. Yəni əsas göstərici il və qiymət deyil, texniki və təhlükəsizlik uyğunluğudur".Sosioloq bildirib ki, sürücülərə gəldikdə isə, burada çox yüksək və mürəkkəb tələblər qoymaq lazım deyil. "Bu elmi bir sahə deyil, sadəcə sürücülük fəaliyyətidir. Əsas iki tələb kifayətdir: yol hərəkəti qaydalarını yaxşı bilmək və psixi cəhətdən sağlam olmaq. Yəni narkotik maddələrdən asılı olmamaq və ciddi psixi problemlərin olmaması. Bu iki əsas tələb taksi sürücüsü üçün kifayət edir. Qiymətlər isə elə müəyyənləşməlidir ki, əhali üçün əlçatan olsun. Taksi bahalı xidmət olmamalıdır, bu ictimai nəqliyyat növüdür və münasib qiymət səviyyəsində olmalıdır. Qiymətlər nə həddindən artıq ucuz, nə də bahalı olmalıdır, sadəcə optimal səviyyədə olmalıdır".Onun sözlərinə görə, sayı ilə bağlı məhdudiyyətlər qoymaq da düzgün deyil, çünki bu, bazar iqtisadiyyatıdır və hər şeyi tələb-təklif müəyyənləşdirir. "Nə qədər tələb varsa, o qədər də taksi fəaliyyəti formalaşacaq. Bazara sərbəstlik verildikdə sistem özü tarazlaşacaq, artıq taksilər bazardan çıxacaq, ehtiyac isə özünü göstərəcək. Ümumilikdə, burada sadə tənzimləmə prinsipi tətbiq olunmalıdır. Yəni əsas standartlar müəyyən edilməlidir ki, qanunsuz hallar olmasın, vətəndaşların hüquqları pozulmasın və təhlükəsizlik təmin olunsun. Məsələn, texniki cəhətdən nasaz avtomobillərin və ya psixi cəhətdən sağlam olmayan sürücülərin fəaliyyət göstərməsinin qarşısı alınmalıdır. Bu minimum tələblər kifayət edir və dünyanın bir çox yerində də bu prinsip tətbiq olunur. Qiymət siyasəti də əhalinin gəlirlərinə uyğun olmalıdır, minimum əmək haqqı və pensiya səviyyəsi nəzərə alınmalıdır. Eyni zamanda, bu sahədə minlərlə insan özünə iş tapır və buna görə də məhdudiyyətlər qoymaq düzgün olmaz. Rəqabət mühiti yaradılmalıdır ki, çoxsaylı şirkətlər və fərdi şəxslər sərbəst şəkildə fəaliyyət göstərə bilsin. Rəqabət nəticəsində daha keyfiyyətli və sərfəli xidmət göstərənlər qalacaq, digərləri isə bazar qaydalarına uyğun olaraq sıradan çıxacaq. Əsas məqsəd odur ki, həm taksi çatışmazlığı yaranmasın, həm sürücülər istismar olunmasın, həm də müştərilər həddindən artıq yüksək qiymətlər ödəməyə məcbur qalmasın. Sadə nəzarət mexanizmləri və əsas standartlarla sərbəst və rəqabətli bir sistem yaratmaq mümkündür. Bu yanaşma Azərbaycan üçün ən optimal tənzimləmə modeli hesab olunur".Taksi sayına məhdudiyyət qoyulmasının bazar iqtisadiyyatı prinsiplərinə uyğun olmadığını deyən Elçin Bayramlı, tələb və təklif balansının sistemi özü tənzimləyəcəyini vurğulayıb. Bazarda sərbəst rəqabət mühitinin yaradılmasının keyfiyyəti artıracağını qeyd edən sosioloq, sadə nəzarət mexanizmləri ilə həm sürücülərin istismarının qarşısını almağın, həm də müştərilərin münasib qiymətlərlə xidmət almasını təmin etməyin mümkün olduğunu bildirib. Bu yanaşma həm minlərlə insanın iş yerini qorumasına, həm də taksi çatışmazlığı kimi problemlərin yaranmamasına xidmət edə bilər.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
demokrat.az

1Mənbələr