Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün finalçıları bəlli olub.
Arena.az xəbər verir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında yarımfinal mərhələsinin son oyunları keçirilib.
Günün ilk qarşılaşmasında “Xilasedici” və “Murov” komandaları üz-üzə gəliblər. İlk oyunda 3:0 hesabı ilə qalib gəlmiş “Xilasedici” bu görüşdə də eyni hesabla rəqibini məğlub edib.
Növbəti görüş “Neftçi” və “Ordu” komandaları arasında baş tutub. Gərginliyi ilə yadda qalan oyun “Ordu”nun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarımfinal oyununda da qalib gəlmiş “Ordu” 2 qələbədən sonra adını finala yazdırıb.
Beləliklə, kişilərin mübarizəsində üçüncü yer uğrunda oyunda “Murov” və “Neftçi” komandaları qarşılaşacaqlar. Finalda isə “Xilasedici” və “Ordu” komandaları üz-üzə gələcəklər.
Yüksək Liqa
Yarımfinalın ikinci oyunları
14 aprel
“Xilasedici” – “Murov” 3:0 (25:19, 25:19, 25:22)
“Neftçi” – “Ordu” 2:3 (25:22, 24:26, 25:23, 26:28, 14:16)
