Son günlər Quba rayonunun ucqar yaşayış məntəqələrində qarlı hava şəraiti müşahidə olunur.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, Susay-Xınalıq avtomobil yolunun bəzi hissələrində qarın hündürlüyü üç metrə çatıb.
Verilən məlumata görə, digər ərazilərdə isə qar örtüyünün hündürlüyü hətta dörd metrə qədər yüksəlib.
Kənd sakinlərinin sözlərinə görə, son 10-15 ildə bölgədə belə güclü qar müşahidə olunmayıb.
"Son illərdə belə qar olmayıb. Haradasa 10-15 ildir ki, bu cür hava şəraiti ilə rastlaşmamışıq. Qarın hündürlüyü üç metri keçib. Artıq üç gündür ki, yolun təmizlənməsi işləri davam etdirilir", - deyə kənd sakini bildirib.
Digər sakin isə qeyd edib ki, indiyədək belə hadisənin şahidi olmayıblar: "Mənim 30 yaşım var. Bu vaxta qədər belə bir hadisə görməmişik. Qar çox güclü yağır. Hazırda yuxarı istiqamətdə qarın daha da intensiv yağması ehtimalı yüksəkdir. Yüksəklik artdıqca qarın hündürlüyü daha da artır".