AZ

Bosniya və Hersoqovinanın yeni qəhrəmanı var - Donnarummanın vərəqini o oğurlayıbmış...

Dünya futbolunda bu yazın ən böyük sensasiyalarından birinin nə olduğunu bilirsiz.

Bosniya və Hersoqovina yığması pley-offun final oyununda İtaliya yığmasına qalib gəlməklə (1:1, p. – 4:1) bu il, iyunun 11-i – iyulun 19-u aralığında keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazandı. İndi belə məlum olur ki, bosniyalıların bu uğurunda 14 yaşlı bol-boy (topdaşıyan uşaq) Afan Sizmik önəmli rol oynayıb – o, fürsətdən istifadə edərək “skuadra adzurra”nın qapıçısı Canluici Donnarumma üzün hazırlanan, penalti zamanı rəqib oyunçuların zərbə istiqamətlərinin qeyd olunduğu vərəqi (“şparqalka”) oğurlayıb. Yerli telekanallardan biri yeniyetmə haqda süjet hazırlayıb, onu artıq milli qəhrəman adlandırırlar.

Zenitsa şəhərində keçirilən oyunun 90 dəqiqəsi ərzində komandalar qalibi müəyyənləşdirə bilmədi, oyun əlavə vaxta qədər uzandı və 11 metrlik zərbələr seriyası ilə bitdi. Penalti seriyası qalmaqalla müşayiət olundu – qapıçılar zərbə vuranlarla bağlı informasiyanın yer aldığı kağız üzündən mübahisələşdi.

Medianın hadisələrin axarı ilə bağlı yazıları bir-birindən kəskin fərqlənir. Ən populyar versiya belədi: Donnarumma seriyada buraxdığı ilk qoldan sonra vərəqin yoxa çıxdığını görüb. Cici rəqib həmkarı Nikola Vasildən şübhələnib və dərhal onun üzərinə şığıyıb. Qarşıdurma zamanı qisas alıb – bosniyalı qapıçının “şparqalka”sını cırıb.

Ancaq Vasil həmin vərəqsiz də italyanların öhdəsindən gəlib. Daha dəqiqi, hansısa kağızın yardımına ehtiyac olmayıb – rəqibin oyunçuları üç cəhdin yalnız birini qola çevirib. Françesko Espozito topu qapının yanından, Brayan Kristante tirə vurub, yalnız Sandro Tonali dəqiq olub. Qeydləri əlindən çıxan Canluici isə hər dəfə eyni küncə tullansa da, heç bir zərbəni dəf edə bilməyib. Onun rəqib oyunçularla bağlı “şparqalka”sı tezliklə medianın əlinə keçib.

İndi isə həmin vərəqin belə tez jurnalistlərin əlinə keçəsinin səbəbi aydın olub. Sən demə, kağızı Nikola yox, yerli bol-boy – Bosniyanın “Çelik” klubunun yeniyetmələrdən ibarət komandasında çıxış edən 14 yaşlı Afan Sizmik götürüb. Yeniyetmənin adı artıq bütün ölkədə məşhurdu: yerli telekanal onunla bağlı süjet hazırlayıb, həmkarlarımız onu milli qəhrəman adlandırırlar.

Afan “Face” telekanalına müsahibəsində belə deyib:

“Həmin vərəqi görən kimi nə olduğunu anladım. Vərəqi götürdüm və gizlədim. Orda oyunçularımızla bağlı bütün informasiya yazılmışdı. Donnarumma həmin vərəqsiz yalnız instinktlərinə güvənə bilərdi. İtaliyalı qapıçı məhrəbanı qaldıranda vərəqin yoxa çıxdığını gördü. O, kağızı axtardı, ancaq boş yerə. Ardından stüardlara və polislərə tərəf nəsə qışqırdı, çox məyus və qəzəbli idi”.

Bol-boy müsahibəyə “qənimət”i də gətirmişdi. Afan Donnarummanın şparqalkasını faylın içində səliqəli şəkildə saxlayır. Yeniyetmə bu qiymətli vərəqin gələcək taleyini də müəyyənləşdirib. Oyundan sonra vəziyyəti atası ilə müzakirə edib. Birlikdə qərar veriblər ki, həmin vərəqi hərraca çıxarsınlar, əldə olunan vəsait isə xeyriyyəçiliyə yönəldiləcək.

Belə davranışın qeyri-idmani xarakterinə baxmayaraq, bir çox bosniyalı yerli federasiyanı Afanı milli komandanın talismanı kimi dünya çempionatına aparmağa çağırırlar. Daha dəqiqi, yuxarıda adı çəkilən telekanalın rəhbərliyi Afana böyük bir jest edərək, onu öz hesabına dünya çempionatına aparacağını vəd edib.
Seçilən
22
1
football-plus.az

2Mənbələr