AZ

“Şagirdə öz adı ilə müraciət olunması, ona bir fərd kimi yanaşıldığının, onun kütlə içində itmədiyinin və müstəqil subyekt kimi qəbul edildiyinin əsas göstəricisidir”

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məktəbdə müəllim-şagird münasibətləri uşağın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Şagirdə necə müraciət olunması onun özünü dəyərli hiss etməsinə birbaşa təsir göstərir. Bəzi hallarda şagirdə adla xitab etmək, bəzi hallarda isə əzizləmə formasında müraciət etmək ön plana çıxır.Məktəbdə şagirdlərə adları ilə müraciət etmək, yoxsa “oğlum”, “qızım” kimi səmimi ifadələrdən istifadə etmək doğrudurmu?Bu yanaşmanın onların psixoloji inkişafında, özünü dəyərli və fərd kimi təsiri barədə nə düşünürsünüz?

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki,müəllim şagird üçün həm bir yol göstərən, həm də bir autoritet fiqurudur: “Məktəb mühiti sadəcə biliklərin ötürüldüyü məkan deyil, eyni zamanda fərdin cəmiyyətdəki yerini və özünə olan hörmətini müəyyənləşdirdiyi bir platformadır. Bu prosesdə müəllimin şagirdə xitab forması, əslində, ona ötürülən "sən kimsən?" və "mənim üçün nə qədər dəyərlisən?" mesajlarının ən sadə, lakin ən təsirli yoludur. Şagirdin adı onun şəxsiyyətinin ən mühüm simvoludur. Sinif otağında şagirdə öz adı ilə müraciət olunması, ona bir fərd kimi yanaşıldığının, onun kütlə içində itmədiyinin və müstəqil bir subyekt olaraq qəbul edildiyinin əsas göstəricisidir. Bu, xüsusilə yeniyetməlik dövründə olan gənclər üçün "mən varam və mən mənəm" duyğusunu gücləndirir, onların özünəinamını artırır və peşəkar bir mühitdə olduqlarını hiss etdirir.

Digər tərəfdən, "oğlum", "qızım" və ya bənzər səmimi ifadələr Azərbaycan təhsil mühitində köklü bir ənənəyə söykənir və müəllim-şagird arasındakı emosional bağı gücləndirmək məqsədi daşıyır. Lakin burada çox incə bir sərhəd var. Şagirdə həddindən artıq səmimi, bəzən isə ailə daxili iyerarxiyanı xatırladan müraciət formaları, bəzi hallarda onun məktəbdəki fərdi statusunu kölgədə qoya bilər. Müəllim şagird üçün həm bir yol göstərən, həm də bir autoritet fiqurudur. "Oğlum" və ya "qızım" xitabı kiçik yaşlı uşaqlarda güvən və qayğı hissi yaratsa da, yuxarı siniflərdə bu, bəzən uşağın özünü fərd kimi sübut etmək istəyinə maneə kimi qavranıla bilər”.

Əmrah Həsənli vurğulayıb ki, əsas məsələ hansı sözün seçilməsindən daha çox, şagirdə hiss etdirilən peşəkar yanaşmadır: “Psixoloji baxımdan ən ideal yanaşma balansı qorumaqdır. Şagirdin adı ilə müraciət olunması ona hörməti ifadə edir, səs tonundakı səmimiyyət isə qayğını. Müəllimin şagirdə "Əli" deyə müraciət etməsi, lakin bunu sevgi və dəstəklə ifadə etməsi, həmin şagirdin həm özünü bir fərd kimi tanımasına, həm də dəyərli hiss etməsinə kömək edir. Əsas məsələ hansı sözün seçilməsindən daha çox, o sözün arxasında duran niyyət və şagirdə hiss etdirilən peşəkar yanaşmadır. Sağlam ünsiyyət qurulmuş bir sinifdə müəllimin şagirdin şəxsiyyətinə hörmətlə yanaşması, gələcəkdə öz ayaqları üzərində möhkəm duran, öz fikri olan və başqalarının hüquqlarına hörmət edən vətəndaşların formalaşmasının təməl daşıdır”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
bizimyol.info

1Mənbələr