İran prezidenti bildirib ki, bəzi dövlətlərin müharibənin qızışdırılmasına və sionist rejimin cinayətlərinə qarşı mövqeyi onların dərin tarixi və mədəni köklərindən qaynaqlanır...
Poliqon xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian X sosial şəbəkəsində paylaşdığı mesajda sivilizasiyaların əsl mahiyyətinin məhz kritik tarixi məqamlarda üzə çıxdığını yazıb.
Pezeşkian qeyd edib ki, İspaniya, Çin, Rusiya, Türkiyə, İtaliya və Misirin müharibənin qızışdırılmasına, eləcə də sionist rejimin cinayətlərinə qarşı tutduğu mövqe həmin ölkələrin dərin mədəni və tarixi köklərindən irəli gəlir.
İran prezidentinin fikrincə, beynəlxalq böhranlar və kəskin geosiyasi qarşıdurmalar zamanı dövlətlərin tutduğu mövqe onların yalnız siyasi seçimlərini deyil, eyni zamanda sivilizasiya yaddaşını, tarixi təcrübəsini və dəyərlər sistemini də ortaya qoyur.
Bu bəyanat Tehranın hazırkı regional qarşıdurma fonunda özünə siyasi və mənəvi dəstək verən ölkələrin mövqeyini ön plana çıxarmaq cəhdi kimi qiymətləndirilir. Pezeşkianın paylaşımı, eyni zamanda, İranın beynəlxalq arenada özünü təcrid olunmuş deyil, müəyyən dövlətlər tərəfindən dəstəklənən tərəf kimi göstərmək istədiyini nümayiş etdirir.
Açıqlama onu da göstərir ki, İran rəhbərliyi Yaxın Şərqdə davam edən gərginliyi təkcə hərbi və siyasi müstəvidə deyil, daha geniş tarixi və sivilizasion çərçivədə təqdim etməyə çalışır.
Poliqon.info