AZ

Bakının sülh körpüsü

Onilliklər boyu davam edən münaqişənin tarixin arxivinə gömülməsi ilə Cənubi Qafqaz bu gün tamamilə yeni mərhələyə qədəm qoyub. Bu yeni reallığın memarı isə postmünaqişə dövründə uzaqgörən və qətiyyətli siyasət yürüdən Azərbaycandır. Ölkəmizin təşəbbüsü ilə formalaşan sülh prosesi diplomatik bəyanatlarda əksini tapmaqla yanaşı, real müstəvidə də özünü göstərir. Regionun sosial,  iqtisadi və humanitar həyatında baş verən yeniliklərdə də bunu görmək mümkündür.

Birbaşa dialoq

Azərbaycanın sülhməramlı liderliyinin ən mühüm göstəricilərindən biri "Sülh körpüsü" təşəbbüsüdür. Cari il aprelin 10-12-də ölkəmizdə keçirilən növbəti ikitərəfli "dəyirmi masa" Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında kənar vasitəçilər olmadan birbaşa əlaqələrin qurulmasına xidmət edirdi. Erməni nümayəndə heyətinin Azərbaycana quru sərhədi vasitəsilə, delimitasiya və demarkasiya edilmiş sahədən daxil olması regionda faktiki sülhün və hüquqi qaydaların işlədiyinin bariz nümunəsidir.

Vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.

Aprelin 10-da adıçəkilən təşəbbüs çərçivəsində Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə "dəyirmi masa" işə başlayıb. "Dəyirmi masa"da iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi müzakirə olunub.

Ertəsi gün - aprelin 11-də Qəbələ şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli "dəyirmi masa" çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüş baş tutub. Görüşdə Azərbaycan hökumətinin sülh gündəliyinə sadiqliyi vurğulanıb. Ölkəmizin Vaşinqtonda Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh gündəliyinə və Vaşinqton sammitinin ruhuna sadiqliyi bir daha diqqətə çatdırılıb.

Həmçinin iki ölkə arasında ticarət münasibətlərinin yaranması və Azərbaycan ərazisindən Ermənistana məhsulların tranzit keçidinin təmin olunduğu qeyd edilib, TRIPP layihəsinin həyata keçirilməsi və bunun bölgədə ab-havanın, bütün bir regionun nəqliyyat mənzərəsinin dəyişəcəyinə xidmət göstərəcəyi bildirilib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə danışıqlar ikitərəfli xarakter daşıdığı kimi, vətəndaş cəmiyyətləri arasındakı bu mübadilələrin və etimad quruculuğu tədbirlərinin də ikitərəfli xarakter daşıması vacibdir. 

Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan sülh prosesini yalnız dövlət səviyyəsində deyil, həm də xalqlar arasında etimadın artırılması müstəvisində dəstəkləyir. Bu baxımdan iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri xalqlar arasında buzların əriməsində və gələcək birgəyaşayışın təməllərinin atılmasında əhəmiyyətli rol oynayır.

Sülh rifah gətirir 

Azərbaycanın strateji addımları Ermənistanı onilliklərdir davam edən regional izolyasiyadan xilas edir. Çünki yürütdüyü işğalçılıq siyasəti bu ölkəni onilliklər idi ki, dalana çevirmişdi. Bakının tranzit məhdudiyyətlərini aradan qaldırması onlar üçün sözün əsl mənasında "nəfəslik" rolunu oynayır.

Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Æomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.

Bu il aprelin 14-də Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb. Biləcəri stansiyasından Ermənistana 22 vaqon (1298 ton) dizel yanacağı göndərilib. Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 4 vaqondan ibarət, çəkisi 240 ton olan gübrə yola salınıb.

İndiyədək Azərbaycandan Ermənistana 6312 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Həmçinin bu günə kimi Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,9 min ton taxıl, 1100 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Bu daşımalar ticarət əməliyyatı olmaqla yanaşı, sülhün gətirdiyi real rifahın Ermənistan cəmiyyətində hiss olunmasıdır. 

Azərbaycanın sülh naminə atdığı addımlar beynəlxalq miqyasda da ən yüksək səviyyədə qiymətləndirilir. Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif edilməsi ölkəmizin humanist siyasətinin təsdiqidir. 

Azərbaycan sülh üçün bütün təməl şərtləri yaradıb və üzərinə düşən humanitar, iqtisadi missiyanı yerinə yetirir. Ermənistandan da real addımlar gözlənilir. Çünki Vaşinqton sammitində sülh müqaviləsinin imzalanmamasının yeganə səbəbi Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı hələ də qalan ərazi iddialarıdır.

Regionda tam normallaşmanın əldə olunması üçün İrəvan siyasi iradə nümayiş etdirməli, gözlənilən referendum vasitəsilə konstitusiya dəyişikliyini həyata keçirməli və Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik son qoymalıdır.

Sülh və kommunikasiyaların açılması bu gün Ermənistan üçün hava və su kimi zəruridir. Azərbaycanın liderliyi ilə formalaşan bu tarixi imkan regionun bütün xalqları üçün davamlı inkişaf və təhlükəsizlik vəd edir. Bakı öz qətiyyəti ilə sübut etdi ki, barış, sadəcə, sözdə deyil, əməldə mümkündür. İrəvanın bu reallığa adekvat reaksiya verməsi isə bölgənin gələcək inkişafının xəritəsini aydınlaşdıracaq. Ən əsası da Ermənistan öz taleyinin necə olacağını müəyyənləşdirəcək ki, bu ölkə dalan olaraq qalmağı, yoxsa inkişaf və tərəqqini seçəcək.    

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
19
43
azerbaijan-news.az

10Mənbələr