AZ

Rusiya Ukrayna şəhərlərini VURDU: Dnepr, Çerkassı və Zaporojye ALOV İÇİNDƏ - FOTOLAR

Aprelin 15-nə keçən gecə Rusiya ordusu Ukraynanın müxtəlif şəhər və yaşayış məntəqələrinə intensiv zərbələr endirib.

Musavat.com "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, hücumlar nəticəsində Zaporojye, Dnepr, Çerkassı və Sumı vilayətlərində yanğınlar, dağıntılar və xəsarət alanlar qeydə alınıb.

Dneprdə gecə saat 03:00-dan sonra şəhərə endirilən dron zərbələri nəticəsində inzibati binada yanğın başlayıb və Fövqəladə Hallar Xidmətinin əməkdaşları hələ də yanğının söndürülməsi ilə məşğuldur. Şəhər mərkəzindəki 9 mərtəbəli yeni tikili ciddi zərər görüb, 29 yaşlı bir qadın yaralanıb.

Çerkassı vilayət rəhbərliyinin məlumatına görə, düşmən hədəflərinin bir neçə lokasiyaya düşməsi nəticəsində 3 nəfər xəsarət alıb. Bölgənin müxtəlif rayonlarında hava həyəcanı elan edilib.

Zaporojyedə gecə hücumlarından ən çox zərər çəkən şəhərlərdən biri Zaporojye olub. Şəhərdə sənaye müəssisəsi, avtodayanacaq və ictimai nəqliyyat dayanacağı vurulub. Hücum zamanı köşkdə olan 74 yaşlı satıcı qadın həlak olub. Həmçinin yaxınlıqdakı yaşayış binalarına və ticarət obyektlərinə ziyan dəyib.

Sumıda səhər saatlarında şəhərin sənaye zonasına dron zərbəsi endirilib. Xilasedicilər yanğını söndürdükdən sonra düşmən eyni nöqtəyə daha iki dəfə zərbə endirib. İlkin məlumatlara görə, burada xəsarət alan olmayıb.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə də Rusiya Ukraynaya 4 raket və 129 dronla hücum etmişdi. Həmin hücum zamanı Odessa vilayətindəki İzmail limanında Panama bayrağı altında üzən mülki gəmiyə ziyan dəymişdi.

Musavat.com

Seçilən
20
23
musavat.com

10Mənbələr