AZ

Dünyanı rəngləndirən güc

Mədəniyyət hər bir xalqın vizit kartıdır...

Mədəniyyət təkcə keçmişdən qalan irs deyil. Hər xalqın özünəməxsus dili, musiqisi, ədəbiyyatı, incəsənəti və adət-ənənələri var. Bu zənginliklər dünyanı rəngarəng edir. Mədəniyyət anlayışı cəmiyyətin inkişafının müasir səviyyəsi, insan övladının yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlərlə sıx bağlıdır.

Latın dilindən tərcümədə “julture” - “bəsləmək”, “yaxşılaşdırmaq” mənalarını verən “mədəniyyət” anlayışı insanların fəaliyyət dairəsinin tədricən genişlənməsi ilə əlaqədar olaraq daha geniş bir məna daşımağa başladı. Bununla da, sözün “maarifçilik”, “savad”, “tərbiyə” kimi müxtəlif mənaları formalaşdı. Ərəb dilindən tərcümədə isə bu söz “şəhərsalma” mənasını verir.

Rerix paktı...

Yeri gəlmişkən, 15 aprel dünyada Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqəlidir. Beynəlxalq hüquq təcrübəsində bu gün Rerix paktı kimi də tanınır və dünyanın bir çox ölkəsində qeyd olunur.

1935-ci ildə Nyu-Yorkda Rerix paktının rəsmi simvolu olan Sülh Bayrağına həsr olunmuş bayram tədbiri keçirilirdi. Rəssam onu ağ fonda qırmızı dairəyə daxil edilmiş üç qırmızı dairə kimi təsvir etmişdi.

Ümumiyyətlə, tarix və mədəniyyət abidələrinin xarici qüvvələrin dağıdıcı təsirindən qorunmasını tənzimləyən qaydalar ideyası məhz rəssam və filosof Nikolas Rerix tərəfindən yaradılıb. 20-ci əsrin lap əvvəllərində, müharibələr və ərazilərin yenidən bölüşdürülməsi zamanı milli antik dövr abidələrini öyrənərkən onların qorunmasının nə qədər vacib olduğunu başa düşən rəssam 1914-cü ildə Rusiya və digər hökumətlərə müraciət edir. Lakin sonradan bu müraciət cavabsız qalır. 1929-cu ildə o, müxtəlif ölkələrin hökumətlərinə və xalqlarına mədəni irsin qorunmasının hərbi zərurətdən üstünlüyünü təsdiq edən beynəlxalq müqavilənin təkmil formada işlənmiş layihəsi ilə müraciət edir. Onu bu işdə Albert Eynşteyn, Bernard Şou, Herbert Uells, Tomas Mann və o dövrün digər tanınmış mədəniyyət və elm xadimləri dəstəkləyirdi.

Dünya mədəniyyətini formalaşdıran 5 ölkə

Məlumdur ki, adətən ölkələrin qlobal miqyasdakı təsirləri ümumi olaraq hərbi, siyasi və ya iqtisadi gücləriylə ölçülür. Amma bəzi ölkələr mədəniyyətləri ilə iz qoyub. ABŞ-da aparılan bir araşdırmada (“US News & World Report”) nüfuz, xoşbəxtlik, müasirlik, hər mənada dəblə ayaqlaşmaq və əyləncə dünyasında mühüm yer tutmaq kimi amillər nəzərə alınaraq, dünyaya ən çox təsir göstərən ölkələrin siyahısı tərtib edilib. İlk onluqdakı ölkələrin çoxu Avropada yer alarkən, Yaponiya (müasirlik və nüfuz baxımından), Brazilya (xoşbəxtlik və əyləncə mədəniyyəti) və ABŞ (müasir və qlobal təsir sahibi) kimi ölkələr də yuxarı sıralarda yer tutublar.

Beləliklə, ilk beşliyə daxil olan ölkələr...

İtaliya

Valentino, Armani, Versace və Gucci kimi markalarıyla məhşur olan İtaliya “dəblə ayaqlaşmaq” və “üstün olmaq” baxımından ən çox bal alan ölkədir.

Fransa

“Müasirlik”, “nüfuz” və “dəb arxasınca getmək” baxımından yüksək bal alan Fransanın mədəni təsiri də dünya miqyasında hiss olunur. Fransız mədəniyyətini ilk əldən təcrübə edəcək ən yaxşı yer Paris olsa da, Bordo, Lyon və Tuloza da çox yaxşı və daha kiçik miqyaslı alternativ şəhərlər olaraq qəbul edilir.

ABŞ

ABŞ “müasirlik” və “əyləncə dünyasında təsir göstərmə” kateqoriyalarında tam xal qazanıb. Amerika filmləri, musiqiləri, televiziya proqramları dünya miqyasında seyr edilir.

İspaniya

Bir vaxtlar dünyanın ən böyük imperiyalarından biri olan İspaniya Cənubi Amerikadan tutmuş Cənub-Şərqi Asiyaya qədər bir çox ərazilərdə yadda qalan iz qoymuşdu. Çin dilindən sonra ispan dili dünyada ən çox danışılan ikinci dildir.

Yeməyə əhəmiyyət verilən İspaniyanın tapas (qəlyanaltı) mədəniyyəti də dünyaya yayılıb. Yemək sosiallaşmaq və paylaşmaq vasitəsi olaraq da qəbul edilir.

Böyük Britaniya

“Nüfuz sahibi olmaq” kateqoriyasında Böyük Britaniya yuxarı sıralarda yer tutur. Britaniyada yaşayanlar güclü bir çalışma etikası, dəyişikliyə açıq olmaq və yeni ixtiralar etmək xüsusiyyətləri ilə fəxr edirlər. Dünyanın ən yaxşı universitetlərinin bir qismi Britaniyadadır.

Bundan başqa London mədəniyyət mərkəzi olaraq tək seçim də deyil. Edinburq dünyanın ən böyük sənət festivalına ev sahibliyi edərkən Birmingham da mədəniyyət dünyasında əhəmiyyətli bir yerə getmək yolundadır. Bu şəhərdə muzey, teatr və konsert salonlarının çoxluğu ilə mədəniyyət dünyasını çox yaxından izləmək, davamlı olaraq məşğul olmaq üçün bir şey tapmaq mümkündür.

Yeganə BAYRAMOVA

Seçilən
18
50
yeniazerbaycan.com

10Mənbələr