AZ

Türk kimliyi, yoxsa şiəlik? Azərbaycanın taleyini müəyyən edən seçim

Bu gün Azərbaycan üçün ən fundamental suallardan biri budur: bizim üçün əsas olan nədir — dini kimlik, yoxsa milli kimlik? Başqa sözlə desək, şiə olmaqmı daha önəmlidir, yoxsa türk olmaq?

Azərbaycan reallığı bu suala artıq cavab verib. Tarix də, geopolitika da göstərir ki, bizim coğrafiyada həlledici amil dini yox, milli kimlikdir. Çünki dövlətlər və xalqlar münasibətlərini ideoloji şüarlar üzərindən deyil, real maraqlar üzərindən qururlar.

Əgər şiəlik həlledici faktor olsaydı, məntiqlə Iran özünü “şiə dünyasının lideri” kimi təqdim etdiyi üçün Qarabağ müharibəsində Azərbaycanın yanında dayanmalı idi. Amma reallıq bunun tam əksi oldu. İran Ermənistanın yanında, Azərbaycanın isə qarşısında dayandı. Bu fakt göstərdi ki, dini yaxınlıq siyasi davranışı müəyyən etmir.

Əksinə, Türkiyə Azərbaycanın yanında açıq və prinsipial mövqe tutdu. Bunun arxasında dayanan əsas faktor ortaq milli kimlik və strateji yaxınlıq idi.

Bu nöqtədə diqqət yetirilməli ən mühüm məsələlərdən biri də İran daxilində yaşayan türklərin vəziyyətidir. Müxtəlif qiymətləndirmələrə görə, İran əhalisinin az qala yarısını türklər təşkil edir. Lakin buna baxmayaraq, onların milli və mədəni hüquqları ciddi şəkildə məhdudlaşdırılır. Ana dilində təhsil imkanlarının olmaması, milli kimliyin institusional səviyyədə tanınmaması və digər məhdudiyyətlər uzun illərdir müzakirə mövzusudur.

Bu vəziyyət tarixi kontekst baxımından da diqqət çəkir. Çünki türklər əsrlər boyu İran coğrafiyasında siyasi hakimiyyətin əsas daşıyıcılarından biri olublar. Müxtəlif türk sülalələrinin hakimiyyəti dövründə ölkə daxilində etnik və dini müxtəlifliyə müəyyən tolerant yanaşmanın mövcud olduğu qeyd olunur. Lakin XX əsrin əvvəllərindən etibarən, xüsusilə Pəhləvi dövründən başlayaraq milli kimlik siyasətində mərkəzləşmə və homogenləşmə meyilləri güclənib. İslam İnqilabından sonra da ümidlər doğrulmadı, vəziyyət daha da pisləşdi.

Bu kontekstdə İranın regionda apardığı siyasət də xüsusi diqqət tələb edir. Rəsmi Tehranın dini ideologiyanı geosiyasi təsir aləti kimi istifadə etdiyi tez-tez vurğulanır. Xüsusilə Azərbaycana münasibətdə şiə identikliyi üzərindən təsir imkanlarını genişləndirməyə çalışdığı qeyd olunur.

Digər tərəfdən, Gürcüstan və Türkiyə ərazisində yaşayan azərbaycanlı icmalar üzərində də müxtəlif təsir mexanizmlərinin mövcudluğu danılmaz faktdır. İranın yaratdığı bu təsirin sosial, dini və mədəni kanallar vasitəsilə həyata keçirildiyi və bu istiqamətdə ciddi resursların sərf olunduğu tez-tez gündəmə gətirilir.

Bu fonda tənqid edilən məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan ideoloji müstəvidə bu təsirlərə qarşı hər zaman eyni səviyyədə sistemli və ardıcıl siyasət yürütmür. Bəzi hallarda milli kimlik və türkçülük xətti ön plana çıxarılsa da, bu yanaşmanın davamlı olmadığı qeyd olunur.

Belə ki, münasibətlər gərginləşdikdə milli kimlik faktoru aktivləşir, lakin münasibətlər nisbətən sabitləşən kimi bu xətt zəifləyir. Halbuki digər tərəf, yəni Iran ideoloji alətlərdən daha sistemli şəkildə istifadə edir.

Regionda paralel olaraq yeni siyasi koordinasiya formatları da formalaşır. "Middle East Eye"ın məlumatına görə, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir arasında artan dialoq və əməkdaşlıq diqqət çəkir. Bu ölkələrin əsasən sünni olması onların yaxınlaşmasına əlavə geosiyasi və məzhəbi ölçü qazandırır.

Bu isə Iran tərəfindən diqqətlə izlənilən proseslərdən biridir. Çünki regionda alternativ güc mərkəzlərinin formalaşması mövcud balansı dəyişə bilər.

Bu mürəkkəb mənzərədə Azərbaycan balanslı siyasət yürütməyə çalışır. Azərbaycan həm Türkiyə ilə müttəfiq, həm də İsrail ilə strateji tərəfdaşdır. Bununla yanaşı, Ankara ilə Təl-Əviv arasında münasibətlərin normallaşmasında Bakının rol oynadığı da müxtəlif səviyyələrdə qeyd olunub.

Eyni zamanda, İran daxilində sosial və siyasi dinamika da dəyişməkdədir. Müxtəlif müşahidələr göstərir ki, cəmiyyət daxilində narazılıqlar mövcuddur və bu, uzunmüddətli perspektivdə regiona da təsir edə biləcək amildir. O da şübhə doğurmur ki, İranın etnik yapısında yer alan xalqların molla rejiminə elə bir etimadı qalmayıb. Bu faktor da katalizator kimi prosesləri sürətləndirə bilər.

Bütün bu faktorlar fonunda belə bir nəticə ortaya çıxır: Azərbaycan üçün əsas prioritet milli maraqlar və milli kimlik üzərində qurulan siyasətdir. Dini identiklik isə bu siyasətin yerini tuta bilməz.

Bu baxımdan, İlham Əliyev tərəfindən səsləndirilən “Türk dünyası bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur”, fikri strateji yanaşmanın ifadəsidir. Bu yanaşma təsadüfi deyil, tarixi və geosiyasi reallıqlara əsaslanır və bizi Turana doğru aparır.

Məncə, Azərbaycanın qarşısında duran seçim ideoloji deyil, stratejidir. Bu seçim isə emosiyalarla deyil, reallıqların düzgün qiymətləndirilməsi ilə müəyyən olunmalıdır. Regionda baş verən proseslər göstərir ki, milli kimlik və milli maraqlar üzərində qurulan siyasət daha davamlı və effektivdir.

Elbəyi Həsənli, Sürix

Seçilən
18
50
turkustan.az

10Mənbələr