AZ

Venesuela ABŞ ilə energetika sahəsində əməkdaşlığı genişləndirmək istəyir

Delsi Rodriges ABŞ Energetika Nazirliyinin nümayəndə heyəti ilə görüşdə Karakasın enerji sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin yaydığı məlumata görə, Venesuela prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriges ABŞ Energetika Nazirliyinin nümayəndə heyəti ilə görüşü zamanı ölkəsinin Vaşinqtonla energetika sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bəyan edib. 

Məlumata əsasən, görüş zamanı tərəflər enerji sektorunda mümkün əməkdaşlıq istiqamətlərini, investisiya imkanlarını və qarşılıqlı iqtisadi maraqları müzakirə ediblər. Rodriges bildirib ki, Venesuela enerji sahəsində uzunmüddətli və dayanıqlı əməkdaşlıq modelinin formalaşdırılmasında maraqlıdır, lakin bunun üçün sabit və aydın hüquqi çərçivənin olması vacibdir. 

Rodriges eyni zamanda vurğulayıb ki, yalnız məhdud lisenziyalar Venesuela üçün yetərli deyil və ölkənin enerji potensialının tam şəkildə reallaşdırılması üçün sanksiyaların aradan qaldırılması daha mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, hüquqi qeyri-müəyyənlik xarici tərəfdaşların və investorların qərar qəbul etməsini çətinləşdirir. 

Bu görüş Karakas və Vaşinqton arasında son aylarda müşahidə olunan diplomatik və iqtisadi yaxınlaşma fonunda baş tutub. Tərəflər arasında enerji, ticarət və iqtisadi bərpa məsələlərinin daha fəal şəkildə gündəmə gəlməsi Venesuelanın beynəlxalq enerji bazarındakı rolunun yenidən güclənə biləcəyi ilə bağlı gözləntiləri artırır.

Ekspertlərin fikrincə, ABŞ ilə enerji əməkdaşlığının genişlənməsi Venesuela üçün həm neft-qaz sektoruna yeni investisiyaların cəlb olunması, həm də iqtisadi sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli ola bilər. Bununla yanaşı, prosesin real nəticə verməsi üçün siyasi razılaşmaların iqtisadi və hüquqi mexanizmlərlə dəstəklənməsi əsas şərtlərdən biri hesab olunur.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr