AZ

Naxçıvan Muxtar Respublikasında sahibkarlıq və investisiyalar üçün geniş stimullaşdırıcı mexanizmlər

Naxçıvan Muxtar Respublikasının inkişafı uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" xüsusi əhəmiyyət kəsb edir.

Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.

Bu məqsədə nail olmaq üçün Dövlət Proqramında 11 prioritet istiqamət - əlverişli biznes mühitinin yaradılması, ticarətin inkişafı, elektrik enerjisi istehsalının və ixracının artırılması, ixracyönlü sənayenin inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının və emalının artırılması, turizmin inkişafı, infrastruktur təminatının daha da yaxşılaşdırılması, sosial sektorun inkişafı, insan kapitalının inkişafı, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi - müəyyən olunub və dövlət proqramının həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün tədbirlər həmin prioritet istiqamətlər üzrə qruplaşdırılıb.
Dövlət Proqramı çərçivəsində həyata keçirilən siyasət çərçivəsində Naxçıvan Muxtar Respublikasında iqtisadi fəallığın artırılması və sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə dəstək mexanizmləri tətbiq olunur. Vergi və gömrük güzəştləri, sosial təminat tədbirləri bu istiqamətdə əsas alətlər kimi çıxış edir. Bu mexanizmlər həm yerli, həm də xarici investorlar üçün cəlbedici şərait formalaşdıraraq regionun iqtisadi potensialının reallaşdırılmasına dəstək olur.

Sahibkarlığın təşviqi: vergi və gömrük mexanizmi

Dövlət Proqramı çərçivəsində də təşviqedici tədbirlər nəzərdə tutulub. Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə Naxçıvan Muxtar Respublikasının rezidentləri mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, hüquqi şəxslərin səhmdarları (payçıları) dividend gəlirlərindən tutulan vergidən, Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye parkının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar istehsal, məqsədilə xammal və materialların idxalında ƏDV-dən və gömrük rüsumundan, investisiya təşviqi sənədini almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalında ƏDV-dən və gömrük rüsumundan, Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalında ƏDV-dən və gömrük rüsumundan azad edilib.

Əmək bazarına dəstək: sosial sığorta subsidiyaları

Əmək bazarının stimullaşdırılması üçün sosial sığorta ödənişləri üzrə də mühüm güzəştlər tətbiq edilir. Muzdlu işçilər üzrə işəgötürənlərin ödədiyi məcburi dövlət sosial sığorta haqları 1 yanvar 2026-cı ildən 1 yanvar 2029-cu ilədək 100%, 1 yanvar 2029-cu ildən 1 yanvar 2032-ci ilədək 80%, 1 yanvar 2032-ci ildən 1 yanvar 2034-cü ilədək 60%, 1 yanvar 2034-cü ildən 1 yanvar 2036-cı ilədək 40% həcmində subsidiyalaşdırılır.

Seçilən
20
vergiler.az

1Mənbələr