Macarıstanda mühafizəkar siyasətçi və Avropa Parlamentinin deputatı Peter Madyarın rəhbərlik etdiyi “Tisza” partiyası ölkədə keçirilən parlament seçkilərində qalib gəlib. Seçki məntəqələrinin 98 faizinin nəticələrinə əsasən, Madyar və onun partiyası parlamentdə 199 yerdən 138-ni qazanıb. Bununla da o, 16 ildir Macarıstanın Baş naziri vəzifəsini tutan Viktor Orbanı bu postda əvəz edəcək. Siyasi dəyişikliyin Azərbaycan–Macarıstan münasibətlərinə və Macarıstanın Türk Dövlətləri Təşkilatındakı fəaliyyətinə hansı təsirləri olacağı maraq doğurur.
Mövzu ilə bağlı “Ortaq Dəyərlər” İctimai Brliyinin sədri Aqil Camal QHT.az-a açıqlama verib.
O bildirib ki, Azərbaycanla Macarıstan arasında son illərdə siyasi rəhbərlərin iradəsi və qarşılıqlı etimada əsaslanan münasibətlər enerji, iqtisadiyyat, siyasət, mədəniyyət və beynəlxalq əməkdaşlıq sahələrində hər iki ölkənin milli maraqlarına uyğun şəkildə davamlı olaraq möhkəmlənmişdir: "Azərbaycanla Macarıstan arasında hərtərəfli münasibətlər son illərdə əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bu inkişafda hər iki ölkənin siyasi rəhbərliyinin iradəsi və qarşılıqlı şəxsi münasibətləri xüsusi rol oynamışdır. Nəticə etibarilə, enerji, siyasi, iqtisadi və mədəni sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək baxımından daim möhkəmlənən əməkdaşlıq formalaşmışdır. Bu münasibətlərin həm Azərbaycanın, həm də Macarıstanın milli maraqlarına uyğun olduğu aydın görünür".
Sədr qeyd edib ki, seçkilərdən sonra Macarıstanın həm Azərbaycanla strateji münasibətlərini, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsindəki fəal əməkdaşlıq siyasətini davam etdirməsi gözlənilir: "Ümid edirdik ki, Macarıstanda keçirilən seçkilərdən sonra yenidən formalaşacaq hökumət və parlament də iki ölkə arasında mövcud olan bu münasibətləri qoruyacaq və daha da inkişaf etdirəcəkdir. Xüsusilə qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Macarıstan müşahidəçi üzv kimi çox fəal iştirak edir. Bu platforma daxilində Azərbaycan, Türkiyə və Orta Asiyanın türk respublikaları ilə qurulan sıx əlaqələr Macarıstanın dövlət maraqlarına tam cavab verir. Bu səbəbdən Macarıstanın bu istiqamətdə siyasətini dəyişməsi o qədər də inandırıcı görünmür.
A.Camal Türk Dövlətləri Təşkilatının Avropa ofisinin Budapeştdə yerləşməsi Macarıstan üçün siyasi və simvolik əhəmiyyət daşıdığını, ölkənin təşkilatda iştirakını və əməkdaşlığını davam etdirməsinə və daha da gücləndirməsinə şərait yaratdığını vurğulayıb: "Türk Dövlətləri Təşkilatı-nın Avropadakı ofisinin məhz Budapeşt şəhərində yerləşməsi Macarıstan üçün xüsusi siyasi və simvolik əhəmiyyət daşıyır. Bu amil də göstərir ki, yeni iqtidar və hökumət ölkənin dövlət maraqlarından çıxış edərək təşkilatda təmsilçiliyini davam etdirəcək və mövcud münasibətləri daha da sıxlaşdıracaqdır".
Fatimə Nəbiyeva