AZ

Qeyri-neftə əsaslanan inkişaf göstəriciləri

2026-cı ilin yanvar-mart aylarında ölkəmizdə 29 milyard 703,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalsa da, qeyri neft-qaz sektorunda 0,2 faiz artıb. ÜDM istehsalının 33,5 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə sahələrinin, 23,3 faizi digər xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib.

Birinci rübdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 9,2 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 3,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 2,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,5 faiz, digər xidmət sahələrində 0,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1,2 faiz, sənayedə 0,2 faiz artıb.

Qeyri-neft sənayesində əlavə dəyər artıb

ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun payına düşüb. Belə ki, əlavə dəyərin təxminən 70 faizi qeyri-neft mənbələrinin üzərində cəmləşib ki, bu da nominal ifadədə 20 milyard manata yaxın milli məhsul deməkdir. ÜDM-də əsas əlavə dəyər yaradan sahələrdən biri olan sənaye sektorunda 14,9 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin emal bölməsində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, elektrik avadanlıqlarının istehsalı, toxuculuq sənayesində yüksək istehsal qeydə alınıb.

Sənayenin qeyri-neft bölmələrində əlavə dəyər təqribən 4 faizə yaxın  artıb. Bu amil də sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.  Xüsusilə də ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasında sənaye parklarının rolunun artması ümumi qeyri-neft sənayesinin dinamikasını artırır. Həmçinin, Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir.  Qeyri-neft sənayesinin inkişafı ümumilikdə, neftdənkənar mənbələrin hazırda həm də əsas əlavə dəyər formalaşdıran fiskal  sahə olduğunu göstərir.

4 milyard manatdan çox investisiya yönəldilib

Cari ilin ilk rübündə sərmayə axıcılığı da dayanqılı xarakter daşıyıb, əsas kapitala 4 milyard 049,8 milyon manat investisiya yönəldilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 faiz çoxdur. Bu dövrdə neft-qaz sektoruna qoyulan sərmayələr 51,4 faiz artıb, eyni zamanda, qeyri-neft sektorunda da aktivlik müşahidə olunub. Qeyri neft-qaz sektoruna investisiya qoyuluşu isə 2025-ci ilin yanvar-mart ayları ilə nisbətdə 2,2 faiz artaraq 2 milyard 523,9 milyon manata çatıb. Sektorlar üzrə sənaye, logistika, kənd təsərrüfatı və texnologiya sahələrinə kapital qoyuluşlarında artım baş verib. Əsas kapitala yönəldilmiş investisiyaların 70 faizindəm çoxunu daxili investisiyalar təşkil edib. Xarici investisiyaların həcmi 1 milyard manata bərabər olub.

Yeri gəlmişkən, İqtisadiyyat və Sülh İnstitutu (İEP) tərəfindən açıqlanan “Global Terrorism Index 2026” hesabatına əsasən, Azərbaycan investisiya cəlbediciliyi baxımından dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi mövqeyini daha da möhkəmləndirib. Bu indeks Azərbaycanın sülhpərvər, stabil və tolerant ölkə və xarici investorlar, eləcə də beynəlxalq maliyyə təşkilatları üçün etibarlı istinad mənbəyi olduğunu təsdiqləyir.

Əhalinin gəlirləri və orta aylıq əməkhaqqı artıb

2026-cı il martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyard 784 min nəfər olub, onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla çalışan işçilərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olur. Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artaraq 1099,1 manat təşkil edib.

Cari ilin ilk rübündə əhalinin nominal gəlirləri 22 milyard 359,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur.  Hesabat tarixində ölkə üzrə istehlak qiymətləri indeksi 5,7 faiz təşkil edib. İnflyasiya səbətində qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artım qeydə alınıb.

Ümumilikdə, birinci rübdə əhalinin gəlirləri inflyasiyanı üstələməklə insanların sosial rifahında əhəmiyyətli rol oynayıb.

Qeyri-neft sektorunun ÜDM-də payı 80 faizə yaxınlaşır

Cari ilin birinci rübünün  makroiqtisadi göstəriciləri onu təsdiqləyir ki, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz  sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq.

Ortamüddətli Xərclər Çərçivəsi sənədində və İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş proqnoz icmalına əsasən, 2026-cı ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcək. Ortamüddətli dövr üçün makroiqtisadi proqnozlara görə, 2026-cı ilin sonuna ÜDM-in həcmi 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 101,7 milyard manat təşkil edəcəyi,  2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 129,5 milyard manata qədər artacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-nin 4,9 faiz olacağı fərz edilir.

Hökumətin nikbin makroiqtisadi ssenarisinə əsasən, ölkəmizin qarşıdakı 4 il ərzində iqtisadi inkişafının əsas drayverləri qeyri-neft sektoru üzrə yığım mənbələrinin təşviqi, “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, habelə iqtisadiyyatın özəl və dövlət sektorunda qeyri-rəsmi məşğulluğun qarşısının alınması və gəlirlərin leqallaşdırılması nəticəsində qeyri-neft yığım mənbələri genişlənəcək. Nəticədə 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 80 faizə çatacaq.

E.CƏFƏRLİ

Seçilən
1
yeniazerbaycan.com

1Mənbələr