AZ

Burak Yılmaz ''od püskürüb'' mövsümdə ikinci dəfə istefa verdi

Mövsüm yavaş-yavaş sona yaxınlaşsa da, Türkiyə futbolundan istefa xəbərləri gəlməkdə davam edir. Bu dəfə ''ağ bayraq'' qaldıran Burak Yılmaz oldu.

"Football-plus.az" xəbər verir ki, yaxın keçmişin önəmli forvardlarından olan Yılmaz ''Qaziantep''dən ayrıldığını açıqlayıb.

Antep təmsilçisi son turda Rizə səfərində fasiləyə öndə yollansa da, sonda 1:2 hesablı məğlubiyyətlə barışmalı oldu. Matçın ardından keçirilən mətbuat konfransında çox əsəbi görünən Yılmaz hakim qərarlarına etiraz edərək istefa verdiyini açıqladı:

''Bu gün istefa verirəm. Çünki artıq bezmişəm. Burda bir ədalətsizlik və tərbiyəsizlik var. Ortada haqqımız yeyildi. Bunu heç kimdən çəkinmədən mətbuat önündə yalnız mən söyləyə bilirəm. Çünki alnım açıqdı. Şükürlər olsun ki, heç bir gizli işlərim olmayıb. Amma bu iş belə gedə bilməz''.

Məsələnin mərkəzində tək hakim qərarları dayanmır. Sən demə bu oyundan öncə federasiyadan Burak Yılmaza zəng gəlibmiş. Ona qeyri-qanuni pul qoyuluşları etməsi barədə məlumat çatdırılıbmış. Yəni qarşıdakı günlərdə Yılmaz saxlanılmalı və onun ifadəsi alınmalı idi. Amma sonradan ona yenə zəng vuraraq bu məlumatın yanlış olduğunu və başqa bir şəxslə səhv salındığını çatdırdılar. Burak Yılmaz isə bunun qəsdən edildiyini və onun üzərində bilərəkdən təzyiq qurulduğunu düşünür.

40 yaşlı mütəxəssis bu mövsüm artıq ikinci dəfə ''Qaziantep''in məşqçisi vəzifəsindən istefa verib. O, ilk dəfə dekabrın 15-də istefa vermiş və 4 gündən sonra fikrindən daşınaraq geri dönmüşdü. Bu dəfə isə geri dönüş yolu görsənmir və onun istefası artıq qəbul olunub. Bunu ''Qaziantep''in prezidenti Memik Yılmaz da təsdiqləyib.

29-cu turu 34 xalla 11-ci pillədə tamamlayan Antep klubu Burak Yılmazın başçılığı altında 32 rəsmi oyundan 12 qələbə, 10 heç-heçə, 10 məğlubiyyətlə ayrılmış oldu.
Seçilən
2
1
football-plus.az

2Mənbələr