AZ

Brüssel–Moskva qarşıdurması

Fransalı nazirin İrəvana gəlişi yeni mətləblərdən xəbər verir

Ermənistanda seçki prosesi yaxınlaşdıqca, həyəcan da artır. Bu seçkiləri taleyüklü, ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edən seçkilər adlandıranlar səhv etmirlər. Baş nazir Nikol Paşinyan Rusiya ilə ənənvi münasibətlərin qorunub saxlanılması, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ), Gömrük İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyün qalması şərti ilə Qərbə inteqrasiyanın tərəfdarıdır. Onun devrilməsinə çalışan qüvvələr – xüsusilə keçmiş prezident Robert Koçaryan, milyarder Samvel Karapetyan isə rusiyameyilli şəxslərdir.

Ermənistandakı seçkilər Rusiya və Qərb siyasi isteblişmenti kimi mediasının da diqqət mərkəzindədir. Bu günlərdə “Radio RBK”nın (RosBiznesKonsaltinq) “İzahedici briqada” podkastında səslənən fikirlər diqqəti cəlb edir. Bildirilir ki, Rusiya postsovet məkanında təsir uğrunda rəqabət fonunda xarici ölkələrlə əməkdaşlığını fəallaşdırır. Qeyd olunur ki, Cənubi Qafqaz və Ermənistanda keçiriləcək seçkilər əsas istiqamətlər sırasındadır. Cənubi Qafqaz həm təhlükəsizlik, həm də iqtisadi baxımdan Rusiya üçün strateji vacib region olaraq qalmaqda davam edir. Verilişdə Ermənistanda qarşıdan gələn parlament seçkiləri, Avropa İttifaqı (Aİ) ilə Aİİ arasında balans məsələsi, həmçinin Rusiyanın regional vasitəçi rolunun zəifləməsi və geosiyasi landşaftın dəyişməsi fonunda ölkələrin xarici aktorlara yönəlmə riskləri müzakirə olunub.

Vurğulanır ki, Ermənistanda parlament seçkiləri son dərəcə mühüm hadisədir, çünki nəticələrə əsasən baş nazir müəyyən olunacaq və bununla da ölkənin siyasi kursu formalaşacaq: “Ermənistan Aİİ-nin üstünlüklərindən yararlanmağa çalışmaqla yanaşı, Aİ ilə münasibətləri də möhkəmləndirməyə çalışır. Vladimir Putin Nikol Paşinyana açıq şəkildə bildirdi ki, bu istiqamətləri eyni vaxtda uzlaşdırmaq mümkün deyil”.

Qeyd olunur ki, Paşinyanı baş nazir postu uğrunda ciddi mübarizə gözləyir: onun şansları olsa da, rəqabət kifayət qədər güclü olacaq. Bundan əlavə, aparıcılar Andrey Vinokurov və Valentina Şvartsman vurğulayıblar ki, kimin baş nazir olmasından asılı olmayaraq, Rusiya ictimai rəyə təsir istiqamətində işləməlidir: “Ermənistan cəmiyyətində belə bir fikir geniş yayılıb ki, Rusiya və KTMT Qarabağ müharibəsi zamanı ölkəyə yardım göstərməyib; bu isə bəzi qüvvələr tərəfindən fəal şəkildə istifadə olunur və nəticədə anti-Rusiya meyillərinin artmasına səbəb olur”.

Bu arada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın dünən Belçikaya işgüzar səfəri diqqəti cəlb edir. Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, Mirzoyanın Aİ-dən olan həmkarları ilə görüşləri nəzərdə tutulub. Bundan əlavə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla ayrıca görüş keçirib.

Mirzoyanın Brüsselə getməsi ilə eyni gündə Fransanın Avropa məsələləri üzrə nazir-deleqatı Benjamen Haddad İrəvana gəlib. “X” platformasında etdiyi paylaşımda Haddad səfərinin məqsədini belə açıqlayıb: “Mən indicə Ermənistana – İrəvana 3 günlük səfərə gəldim. Parlament üzvlərindən və texnologiya sahəsinin qabaqcıl nümayəndələrindən ibarət nümayəndə heyətinə rəhbərlik edirəm. Kommunikasiya, innovasiya, təhlükəsizlik və mədəniyyət: erməni dostlarımızla ikitərəfli münasibətlərin gücləndirilməsi bu səfərin mərkəzində olacaq. Həmçinin ölkənin bir neçə həftə sonra ev sahibliyi edəcəyi Avropa Siyasi Birliyinin növbəti sammiti də müzakirə olunacaq”. Paylaşımdakı açar söz isə bundan ibarətdir: “Nəhayət, ermənilərin qanuni olaraq sülhə, demokratiyaya və təhlükəsizliyə can atdığı bir dövrdə tarixi tərəfdaşımızla onun demokratik institutlarına yönələn müdaxilə təhdidləri üzərində işləyəcəyəm”.

Fransalı nazir-deleqatı elə dünən N.Paşinyan qəbul edib. “Armenpress”in məlumatına görə, görüş zamanı Ermənistan–Fransa ikitərəfli münasibətlərinin gündəliyinə dair məsələlər və çoxşaxəli əməkdaşlığın gələcək inkişafı müzakirə olunub. Həmçinin Ermənistan–Aİ əməkdaşlığı, eləcə də Ermənistanda Avropa Siyasi Birliyinin sammitinin keçirilməsi ilə bağlı məsələlərə toxunulub. Həmsöhbətlər regiondakı proseslər, sülh və sabitliyin təmininə yönəlmiş addımlar barədə də fikir mübadiləsi aparıblar.

* * *

Bütün bu hərəkətliliyi, edilən səfərləri və keçirilən görüşləri ümumiləşdirdikdə aydın görünür ki, Ermənistan seçkilərə yalnız daxili siyasi mübarizə fonunda deyil, eyni zamanda, xarici təsir mərkəzlərinin kəsişdiyi mürəkkəb şəraitdə gedir. İrəvan bir tərəfdən ənənəvi tərəfdaş saydığı Rusiyanın təsir dairəsindən tam çıxmadan mövcud əlaqələri qorumağa çalışır, digər tərəfdən isə Avropa istiqamətində addımlarını sürətləndirir. Bu isə, faktiki olaraq ölkəni iki fərqli geosiyasi xətt arasında balans saxlamağa məcbur edir. Rusiya üçün Cənubi Qafqazın əhəmiyyəti dəyişməyib, lakin təsir imkanlarının əvvəlki kimi olmadığı da artıq gizlədilmir. Məhz bu səbəbdən Moskva həm siyasi səviyyədə, həm də ictimai rəy üzərindən mövqelərini bərpa etməyə çalışır. Ermənistanda isə son illərdə formalaşan narazılıq dalğası, xüsusilə təhlükəsizlik məsələləri ilə bağlı gözləntilərin doğrulmaması fonunda, bu prosesi daha da çətinləşdirir. Nəticədə, ölkə daxilində Rusiya ilə münasibətlərin gələcəyi seçki debatlarının əsas mövzularından birinə çevrilir.

Eyni vaxtda Aİ ilə əlaqələrin intensivləşməsi diqqətdən yayınmır. Mirzoyanın Brüsselə səfəri və paralel olaraq Fransadan yüksək səviyyəli nümayəndənin İrəvana gəlməsi təsadüfi diplomatik aktivlik deyil. Bu, Qərbin seçki ərəfəsində Ermənistanda mövqelərini möhkəmləndirmək niyyətindən xəbər verir. Xüsusilə texnologiya, təhlükəsizlik və idarəetmə sahələrində əməkdaşlıq mesajlarının önə çıxarılması İrəvanın gələcək kursuna təsir göstərmək cəhdinin tərkib hissəsi kimi görünür. Fransalı nazirin səsləndirdiyi “tarixi tərəfdaşımızla onun demokratik institutlarına yönələn müdaxilə təhdidləri üzərində işləyəcəyəm” fikri, əslində, Aİ-nin Ermənistandakı seçki prosesinə yanaşmasının mahiyyətini açıq şəkildə ortaya qoyur.

Brüssel anlayır ki, seçkilər yalnız daxili siyasi rəqabət deyil, eyni zamanda, müxtəlif təsir mərkəzlərinin mübarizə meydanıdır. Məhz buna görə də Aİ prosesi mümkün qədər nəzarətdə saxlamağa, kənar təsirlərin minimuma endirilməsinə çalışır. Burada söhbət təkcə texniki müşahidədən getmir, həm də informasiya mühiti, ictimai rəy və siyasi sabitlik üzərində təsir imkanlarının balanslaşdırılmasından gedir. Aİ üçün əsas məqsəd Ermənistanda seçkilərin nəticələrinin legitimliyi ilə bağlı sualların yaranmamasıdır. Çünki bu, həm regiondakı mövqelərinə, həm də gələcək əməkdaşlıq planlarına birbaşa təsir edir. Digər tərəfdən, “müdaxilə təhdidi” mövzusunun qabardılması Qərbin öz iştirakını əsaslandırmaq və artırmaq üçün istifadə etdiyi alət kimi də qiymətləndirilə bilər.

Beləliklə, Ermənistan, faktiki olaraq, iki istiqamətdən gələn təzyiqlər arasında seçim etməli olur. Mövcud hakimiyyət bu seçimi balans siyasəti ilə yumşaltmağa çalışsa da, həm Moskvanın sərt mövqeyi, həm də Qərbin artan fəallığı bu manevr imkanlarını daraldır. Seçkilərin nəticəsi təkcə hakimiyyətin kimdə qalacağını müəyyən etməyəcək, eyni zamanda, ölkənin hansı istiqamətdə irəliləyəcəyinə də aydınlıq gətirəcək. Bu mənada, qarşıdakı siyasi mərhələ Ermənistan üçün sadəcə növbəti seçki deyil. Söhbət ölkənin xarici dayaqlarının, təhlükəsizlik yanaşmasının və ümumilikdə gələcək inkişaf yolunun müəyyənləşməsindən gedir. Mövcud reallıq göstərir ki, bu seçim nə qədər gecikdirilsə də, ondan yayınmaq artıq mümkün deyil.

Səxavət HƏMİD
XQ

Seçilən
24
xalqqazeti.az

1Mənbələr