Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
2022-ci ildən – Ermənistan-Türkiyə normallaşma prosesinin başlanğıcından bəri ilk dəfə olaraq, Ermənistanı bu il Antalya Diplomatik Forumunda nazir səviyyəsində təmsil olunmayacaq.
"AzPolitika" erməni mediasına istinadla xəbər verir ki, bu il forumda Ermənistanı xarici işlər naziri Ararat Mirzoyan deyil, onun müavini Vahan Kostanyan təmsil edəcək.
Rəsmi İrəvanın xarici işlər naziri əvəzinə Türkiyəyə niyə nazir müavinini göndərdiyi barədə hələlik rəsmi açıqlama verilmir. Ermənistan XİN bu vaxta qədər forumda iştirakla bağlı heç bir məlumat yaymayıb. Vahan Kostanyanın gedəcəyi isə yalnız forumun rəsmi saytındakı siyahıdan məlum olub. O, bu il Ermənistanın yeganə nümayəndəsi olacaq.
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan isə məsələyə qeyri-müəyyən cavab verib: "Vaxtı gələndə görəcəksiniz kim iştirak edəcək, kim yox".
Maraqlıdır ki, Ermənistan-Türkiyə normallaşması üzrə baş danışıqçı Ruben Rubinyan özü də Antalyaya getmir. Halbuki o, 2024 və 2025-ci illərdə bu forumun daimi iştirakçısı idi.
Rubinyan bu qərarını qısa şəkildə belə əsaslandırıb: "Mən Antalyaya getməyəcəyəm, hər dəfə gedəsi deyiləm ki".
Artıq dörd ildir davam edən barışıq cəhdlərinə rəğmən, tərəflərin əsas razılaşması - üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması hələ də icra olunmayıb. Ermənistan tərəfi hələ 2023-cü ildə "Marqara" keçid məntəqəsinin tam hazır olduğunu bildirsə də, Türkiyə tərəfi konkret addım atmayıb. Ruben Rubinyan isə israr edir ki, İrəvanın heç bir problemi və ön şərti yoxdur, sadəcə razılaşmalar icra olunmalıdır.
Ermənistan müxalifəti isə hökumətin bu qərarını "gecikmiş etiraf" kimi qiymətləndirir.
"Ermənistan" fraksiyasının deputatı Geğam Manukyan bildirib ki, əvvəlki illərdəki yüksək səviyyəli iştirak tamamilə mənasız idi:"Praktiki olaraq Türkiyə mövqeyindən geri çəkilmək üçün heç bir addım atmırdı. Biz xəbərdarlıq edirdik ki, “ön şərtisiz” ifadəsi yalandır. Ankara Bakıda “yaşıl işıq” yandırılmayana qədər, Ermənistan Azərbaycanın bütün tələblərini (yeni Konstitusiya, Müstəqillik Bəyannaməsindən imtina) yerinə yetirməyənə qədər heç bir addım atmayacaq".
Ermənistanın təmsilçilik səviyyəsini aşağı saldığı bir vaxtda, rəsmi Bakı foruma xüsusi önəm verir. Forumun rəsmi saytındakı məlumata görə, Azərbaycan Antalya Diplomatik Forumunda ən yüksək - Prezident səviyyəsində təmsil olunacaq.
Rasim Əliyev
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.