AZ

Mərkəzi Bankın maliyyə sabitliyi hesabatı

Azərbaycan Mərkəzi Bankında “Maliyyə sabitliyi hesabatı”nın təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib. Toplantıda ölkənin maliyyə sektorunun mövcud vəziyyəti, qlobal iqtisadi proseslərin təsirləri və qarşıdakı dövr üzrə gözləntilər geniş şəkildə müzakirə olunub.

Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bildirib ki, Yaxın Şərqdə baş verən proseslərin Azərbaycanda inflyasiyaya təsiri hələ də qeyri-müəyyən olaraq qalır. Onun sözlərinə görə, neft qiymətlərinin artması ölkənin ixrac gəlirlərini və valyuta ehtiyatlarını artırsa da, tərəfdaş ölkələrdə inflyasiyanın yüksəlməsi idxal inflyasiyası kanalı ilə Azərbaycana təsir göstərə bilər. Bu baxımdan, proseslərin yekun təsirlərini dəqiq qiymətləndirmək üçün əlavə müşahidələrə ehtiyac var və yenilənmiş proqnozların may ayında açıqlanması nəzərdə tutulur.

Açıqlamada əhalinin borclanması məsələsinə də toxunulub. Ş.Mahmudzadə vurğulayıb ki, əsas məqsəd borclanmanın qarşısını almaq deyil, onun sağlam və dayanıqlı əsaslar üzərində formalaşmasını təmin etməkdir. Qeyd olunub ki, gəlirlərin artması fonunda borclanmanın müəyyən qədər yüksəlməsi təbii proses hesab olunur. Bununla yanaşı, yüksək riskli kreditlərin payında azalma müşahidə edilir, daha çox vətəndaşın kiçik məbləğlərlə borclanması isə maliyyə sabitliyi baxımından daha təhlükəsiz qiymətləndirilir.

Maliyyə sektorunun göstəricilərinə toxunan Mərkəzi Bank nümayəndələri bildiriblər ki, 2025-ci ildə banklar tərəfindən səhmdarlara ödənilən dividendlərin həcmi azalsa da, sektorun ümumi dayanıqlığı qorunur. Eyni zamanda, sığorta sektorunda da müsbət maliyyə nəticələri qeydə alınıb və bu sahədə mənfəətlilik davam edir.

Konfrans çərçivəsində bank sektorunda nəzarət mexanizmləri ilə bağlı məsələlərə də aydınlıq gətirilib. Bildirilib ki, şikayət indeksinin yüksək olması bankın fəaliyyətinin dayandırılması üçün əsas sayıla bilməz. Bankların fəaliyyəti tələblər – kapital adekvatlığı, kredit portfelinin keyfiyyəti və digər maliyyə göstəriciləri əsasında qiymətləndirilir. Bu yanaşma bazarda sabitliyin qorunmasına və əsassız ajiotajın qarşısının alınmasına xidmət edir.

Ümumilikdə, Mərkəzi Bank mövcud şəraitdə maliyyə sektoruna ciddi təhdidlərin müşahidə olunmadığını bəyan edib. Bununla belə, qlobal iqtisadi proseslər və regional risklər diqqətlə izlənilir və zərurət yarandığı halda operativ tədbirlərin görüləcəyi vurğulanıb.

XQ

Seçilən
16
1
xalqqazeti.az

2Mənbələr