AZ

Onlayn Şəxsi Kabinet sistemi pasiyentlərə müayinə cavablarını daha sürətli və rahat şəkildə əldə etmək imkanı yaradır

Müasir dövrdə səhiyyə sahəsində rəqəmsallaşma pasiyent məmnuniyyətinin və xidmət keyfiyyətinin əsas göstəricilərindən birinə çevrilib. Tibbi xidmətlərə operativ çıxış, məlumatların şəffaf idarə olunması və vaxt itkisinin minimuma endirilməsi artıq hər bir tibb müəssisəsinin prioritet istiqamətlərindəndir. Mərkəzi Gömrük Hospitalında tətbiq olunan Onlayn Şəxsi Kabinet sistemi pasiyentlər üçün laborator müayinə cavablarını onlayn almağa yeni imkanlar açır. Bu sistemin üstünlükləri və praktiki əhəmiyyəti barədə Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova ilə müsahibə apardıq.
— Səbinə xanım, son dövrlərdə səhiyyədə rəqəmsallaşma geniş vüsət alıb. Mərkəzi Gömrük Hospitalında tətbiq olunan Onlayn Şəxsi Kabinet sistemi barədə nə deyə bilərsiniz?

- Rəqəmsallaşma müasir səhiyyənin ayrılmaz və strateji istiqamətlərindən birinə çevrilib. Mərkəzi Gömrük Hospitalında tətbiq etdiyimiz Onlayn Şəxsi Kabinet platforması pasiyentlərimizin laborator analiz nəticələrini daha operativ və rahat şəkildə əldə edə bilirlər. Bu isə onların vaxta qənaət etməsinə, əlavə növbə və fiziki müraciət ehtiyacının aradan qalxmasına şərait yaradır. Eyni zamanda, pasiyentlər nəticələri daha tez izləyərək həkimləri ilə operativ şəkildə əlaqə saxlaya, müalicə və diaqnostika prosesinə daha aktiv şəkildə cəlb oluna bilirlər. Ümumilikdə bu sistem həm şəffaflığı artırır, həm də tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını yüksəldərək pasiyent məmnuniyyətinə mühüm töhfə verir.

—Bu sistem laborator xidmətlərin keyfiyyətinə necə təsir göstərir?

Əlbəttə ki, çox müsbət təsir göstərir. Onlayn Şəxsi Kabinet sisteminin tətbiqi laborator xidmətlərin təşkilində həm keyfiyyət, həm də operativlik baxımından mühüm dəyişikliklər yaradıb. Bu yanaşma ilk növbədə pasiyentlər üçün böyük rahatlıq yaradır — onlar vaxt itirmədən, istənilən məkandan öz tibbi nəticələrinə çıxış əldə edə bilirlər. Eyni zamanda, nəticələrin elektron formada təqdim olunması məlumatların daha dəqiq, sürətli və şəffaf şəkildə ötürülməsini təmin edir. Bununla yanaşı, məlumatların arxivləşdirilməsi və izlənməsi daha asan olur. Ümumilikdə, sistem həm pasiyent məmnuniyyətini artırır, həm də laborator xidmətlərin daha müasir, çevik və effektiv şəkildə təşkilinə imkan yaradır.

—— Pasiyentlər Onlayn Şəxsi Kabinetdən istifadə edərkən hansı mərhələlərdən keçirlər?

— İstifadə çox sadədir. Pasiyentlər əvvəlcə hospitalın rəsmi internet səhifəsinə- https://customshospital.az/daxil olur, “Onlayn Şəxsi Kabinet” bölməsini seçirlər. Daha sonra L-kart nömrəsi, doğum tarixi və təhlükəsizlik kodunu daxil edərək sistemə daxil olurlar. Bundan sonra analiz nəticələri və digər tibbi məlumatlar onların şəxsi kabinetində əks olunur.

— Məlumatların təhlükəsizliyi necə təmin olunur?

— Bu, bizim üçün ən prioritet məsələlərdən biridir. Sistem müasir təhlükəsizlik standartlarına uyğun qurulub. Hər bir pasiyentin məlumatı fərdi giriş məlumatları ilə qorunur və üçüncü şəxslərin bu məlumatlara çıxışı mümkün deyil.

— Sonda pasiyentlərə nə tövsiyə edərdiniz?

— Pasiyentlərə tövsiyə edərdim ki, Onlayn Şəxsi Kabinetdən aktiv istifadə etsinlər. Bu, onların vaxtına qənaət edəcək və tibbi xidmətlərə çıxışını daha da asanlaşdıracaq. Hər hansı sual yarandıqda isə Hospitalın Çağrı Mərkəzi ilə (012) 404 08 08 nömrəsi ilə əlaqə saxlamaqdan çəkinməsinlər.

Mərkəzi Gömrük Hospitalı rəqəmsal həllər vasitəsilə pasiyent məmnuniyyətini artırmaq və müasir tibbi xidmətlər təqdim etmək istiqamətində fəaliyyətini davam etdirir.

Müsahibəni apardı
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova

Seçilən
2
1
sia.az

2Mənbələr