AZ

“Fenomen”lərin narkotik sınağı: Azərbaycan Türkiyə modelinə keçir?

Türkiyədə son aylarda məşhur simalara, sənətçilərə və sosial media fenomenlərinə qarşı keçirilən genişmiqyaslı narkotik əməliyyatları, eyni zamanda onların maliyyə qaynaqlarının araşdırılması regional mediada böyük əks-səda doğurub.

Analizləri pozitiv çıxan ulduzların həbsi və ya istintaqa cəlb edilməsi oxşar mənzərənin Azərbaycanda da yaşanıb-yaşanmayacağı sualını aktuallaşdırıb. Xüsusilə son günlərdə özünü “bloqer” kimi təqdim edən bir neçə qadının insan alveri və əxlaqsızlıq yuvaları təşkil etmə maddələri ilə həbs olunması, sosial şəbəkələrin yaratdığı “nəzarətsiz şöhrət” pərdəsi arxasında nələrin gizləndiyini bir daha ortaya qoydu.

Azərbaycan cəmiyyətində də şou-biznes nümayəndələri və rəqəmsal platforma ulduzları arasında narkotik vasitələrin təbliği və ya istifadəsi, habelə qeyri-qanuni yollarla gəlir əldə edilməsi hallarına qarşı köklü bir “təmizlik” əməliyyatına ehtiyac olduğu barədə fikirlər getdikcə güclənir. Çünki bu şəxslər gənclər üçün “nümunə” rolunda çıxış edir və onların qeyri-qanuni həyat tərzi cəmiyyətin mənəvi sütunlarını sarsıdır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Nərgiz Sərdarova bildirib ki, qanun qarşısında hər kəs bərabərdir və “məşhur” statusu heç kəsə hüquqi toxunulmazlıq vermir: “Türkiyədəki təcrübə göstərir ki, dövlət öz genofondunu qorumaq üçün ictimai nüfuzu olan şəxslərin davranışlarına daha həssas yanaşır. Azərbaycanda da son zamanlar bloqerlərin həbsi göstərir ki, hüquq-mühafizə orqanları artıq bu sahəni ciddi nəzarətə götürüb. Narkotik istifadəsi və ya insan alveri kimi ağır cinayətlər sosial şəbəkə pərdəsi altında gizlədilə bilməz. Əgər bir şəxs minlərlə gəncə xitab edirsə və eyni zamanda qanunsuz əməllərlə məşğul olursa, onun məsuliyyəti ikiqat artır. Bizdə də qanunvericilik imkan verir ki, şübhəli məqamlar olduqda həmin şəxslərdən müvafiq analizlər götürülsün və fəaliyyətləri təftiş edilsin”.

Hüquqşünasın sözlərinə görə, sosial media platformaları bəzən cinayət əməllərini ört-basdır etmək üçün əlverişli vasitəyə çevrilir: “Özünü bloqer kimi təqdim edib əslində insan alveri ilə məşğul olanların ifşası sadəcə başlanğıcdır. Bu sahədə şəffaflıq mütləqdir. Şou-biznes nümayəndələrinin gəlir mənbələri, yaşadıqları dəbdəbəli həyatın maliyyə kökləri və zərərli vərdişləri hüquqi çərçivədə araşdırılmalıdır. İnsanlar görməlidir ki, ekranda və ya smartfonun kamerasında parıldayan həyatın arxasında cinayət dayanırsa, bunun cəzası qaçılmazdır. ‘Təmizlik’ əməliyyatları həm narkomaniya ilə mübarizədə, həm də gənclərin mənəviyyatının qorunmasında həlledici rol oynaya bilər”.

Nərgiz Sərdarova əlavə edib ki, bu məsələdə ictimai qınaqla hüquqi mexanizmlər paralel işləməlidir: “Yalnız həbslərlə kifayətlənmək olmaz, eyni zamanda həmin şəxslərin təbliğ etdiyi dəyərlər sistemi də süzgəcdən keçirilməlidir. Əgər bir fenomenin narkotik testi pozitiv çıxırsa, bu, onun yaradıcılığından və ya fəaliyyətindən asılı olmayaraq, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan hüquq-mühafizə orqanlarının bu istiqamətdəki qətiyyəti, şou-biznesin ‘çirkli’ tərəflərindən təmizlənməsinə və cəmiyyətdə sağlam bir mühitin formalaşmasına xidmət edəcəkdir. Zaman göstərir ki, heç bir ‘toxunulmazlıq’ əbədi deyil və qanun tez-gep öz sözünü deyir”.

Tunar,
NOCOMMENT.az

Seçilən
3
nocomment.az

1Mənbələr