AZ

Prezident İlham Əliyevin çoxvektorlu xarici siyasəti və qorunan milli maraqlar - ŞƏRH

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycanın dünyada baş verən mürəkkəb siyasi, iqtisadi və təhlükəsizlik prosesləri fonunda həyata keçirdiyi balanslı xarici siyasət ölkənin müstəqilliyinin qorunması, milli maraqlarının təmin edilməsi və beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Müasir beynəlxalq münasibətlər sistemində artan rəqabət, geosiyasi gərginliklər və yeni güc mərkəzlərinin formalaşması şəraitində Azərbaycan çevik, praqmatik və çoxvektorlu siyasət yürüdərək öz mövqeyini möhkəmləndirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.

O qeyd edib ki, Azərbaycanın balanslı siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif siyasi və iqtisadi güc mərkəzləri ilə paralel və qarşılıqlı faydalı münasibətlər qurmasıdır. Ölkə həm Avropa İttifaqı ilə strateji tərəfdaşlığı inkişaf etdirir, həm də region dövlətləri, o cümlədən qonşu ölkələr və Asiya istiqamətində əməkdaşlığını genişləndirir. Bu yanaşma Azərbaycanın hər hansı bir siyasi blokdan asılılığının qarşısını alır və müstəqil qərarvermə imkanlarını qoruyub saxlayır.

Deputat enerji siyasətinin Azərbaycanın balanslı xarici siyasətində mühüm sütunlardan biri olduğuna diqqət çəkib. Ülviyyə Həmzəyevanın sözlərinə görə, neft və qaz ixracı, xüsusilə Cənub Qaz Dəhlizi kimi iri layihələr vasitəsilə Azərbaycan bir çox ölkələrlə uzunmüddətli və strateji tərəfdaşlıq əlaqələri qurub. Bu əməkdaşlıq yalnız iqtisadi gəlirlər əldə etməyə deyil, həm də ölkənin geosiyasi əhəmiyyətinin artmasına xidmət edir.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub. Bu siyasət qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Azərbaycan eyni zamanda regional sabitliyin təmin olunmasına töhfə verən təşəbbüslərlə çıxış edir və münaqişələrin həllində konstruktiv mövqe nümayiş etdirir. Bununla yanaşı, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığını ardıcıl şəkildə genişləndirir. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda fəal iştirakı ölkənin qlobal siyasətdə rolunu artırır. Xüsusilə Qoşulmama Hərəkatında aktiv mövqe tutması Azərbaycanın müstəqil və balanslı siyasətinin bariz nümunəsidir”,- deyə deputat vurğulayıb.

O, son illərdə Azərbaycanın nəqliyyat və logistika sahəsində də mühüm təşəbbüslərlə çıxış etdiyini xatırladıb: “Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində aktiv iştirak etməsi ölkəni regionun mühüm tranzit mərkəzlərindən birinə çevirir. Bu isə həm iqtisadi inkişafı sürətləndirir, həm də Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Nəticə etibarilə, Azərbaycanın balanslı və çoxşaxəli xarici siyasəti qlobal dəyişikliklər fonunda ölkənin daxili sabitliyini qoruyan, iqtisadi inkişafını stimullaşdıran və beynəlxalq nüfuzunu yüksəldən əsas strateji xətt kimi çıxış edir. Bu siyasət Azərbaycanın uzunmüddətli milli maraqlarının təmin olunmasında mühüm rol oynayır”.

Seçilən
5
1
azertag.az

2Mənbələr