AZ

Görkəmli elm adamı, dəyərli ziyalı və böyük şəxsiyyət

Aprelin 15-i görkəmli oftalmoloq alim, xalqımızın Ulu Öndəri Heydər Əliyevin ömür-gün yoldaşı, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anım günüdür. Azərbaycan xalqı Zərifə Əliyevanı elm adamı, insanlara şəfa verən həkim, dəyərli ziyalı və böyük şəxsiyyət kimi hər zaman dərin ehtiram və minnətdarlıqla xatırlayır. 

Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığı tədqiqatların və ortaya qoyduğu fundamental nəticələrin Azərbaycanda tibb elminin tarixində mühüm yeri var. Xüsusilə qeyd edilməlidir ki, XX əsrin 40-cı illərinin sonunda respublikamızda geniş yayılmış, gözü zədələyən, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinin qarşısının alınması məhz Zərifə Əliyevanın adı ilə bağlıdır. Məhz bu sahədəki nailiyyətləri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etmişdir. 

Zərifə Əliyeva elmi fəaliyyətində digər göz xəstəlikləri problemlərinə də diqqət yetirmişdir. Traxomaya qarşı mübarizə ilə yanaşı, görmə orqanının iltihabının müalicəsi, görmə orqanının patologiyası kimi problemlərin araşdırılması da Zərifə Əliyevanın tədqiqatlarına mühüm yer tutur. Böyük alim bu sahədəki elmi araşdırmalarını həm də birbaşa sənaye müəssisələrində həyata keçirmiş və bu zaman zərərli peşə sahələrində işləyən neçə-neçə insanı müayinə etmişdir.

Bu sahədəki elmi araşdırmalarının nəticəsi olaraq Zərifə Əliyeva Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 

 Zərifə Əliyevanın oftalmologiya sahəsində araşdırmaları hər zaman özünün yüksək qiymətini almışdır. Belə ki, Zərifə Əliyeva atası Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmiş, 1983-cü ildə isə həmin kafedranın müdiri olmuş və Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Bütün bunlarla yanaşı, Zərifə Əliyeva 1981-ci ildə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına da layiq görülmüşdür. O, bu mükafata layiq görülmüş ilk azərbaycanlı qadındır. 

Zərifə Əliyeva 150-yə yaxın elmi əsər, 12 monoqrafiya yazmış, dərs vəsaitlərinin, səmərələşdirici təkliflərin müəllifi olmuşdur. Bütün bunlar, o cümlədən böyük alimin “Terapevtik oftalmologiya” adlı kitabı bu gün oftalmoloqlar üçün dəyərli mənbələrdir. Prezident İlham Əliyevin «Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında» sərəncamında bu barədə deyilir: «Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır».  

Gənc həkimlərin formalaşmasına da böyük zəhmət sərf edən Zərifə Əliyevanın qələmə aldığı “Yüksək etimad” kitabı bütün həkimlər üçün dəyərli bir mənbədir. Zərifə Əliyeva tibb sahəsində kadr hazırlığına, eləcə də həkimlərin ixtisasının təkmilləşdirilməsinə də xüsusi diqqətlə yanaşmış, həkim-oftalmoloqların böyük bir nəsli yetişməsində böyük xidmətləri olmuşdur.

Yalnız Azərbaycanda deyil, bütün keçmiş sovet məkanında tibbin oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən Zərifə Əliyeva şərəfli və nümunəvi ömür sürüb. Böyük ziyalının və görkəmli alimin ömrü örnək dolu həyat dərsidir. Anım günündə bir daha Zərifə Əliyevanı ehtiramla yad edir, işıqlı xatirəsi önündə baş əyirik.

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Seçilən
20
azerbaijan-news.az

1Mənbələr