AZ

Həsənabadın qəhrəman oğlu

Neftçalanın Həsənabad qəsəbəsinin 16 sakini Vətənin azadlığı yolunda canından keçib. Onlardan biri Milli Qəhrəman, digəri isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Aprel döyüşləri şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun ata yurduna üz tuturuq. Səliqə-sahmanlı həyətdə bizi saçları ağarmış, baxışlarında illərin yorğunluğu gizlənmiş Gülağa ata qarşılayır. Qəhrəmanın atası bizi evə dəvət edir. Divardan asılmış şəkil, səliqə ilə qatlanmış hərbi geyim, stolun üstündə saralmış məktublar…

“Samid son ana qədər geri çəkilmədi”, – Gülağa dayı titrək səslə söhbətə başlayır. Hamını xilas etdi, özü isə… Sözü yarımçıq qalır, qəhər onu boğur. O, həmişə belə idi, lap uşaqlıqdan. Yaxşı yadımdadır, 1990-cı ilin Qanlı Yanvarında rus əsgərləri Bakıda dinc əhalini gülləbarana tutdular. Yanvarın 25-də isə Neftçalada. Şəhid olan da var idi. Qızım Aybəniz mətbəxin pəncərəsindən boylanıb dedi ki, ata bax, hərbçilər şar atırlar. Tez-tələsik uşaqları dəhlizə tərəf çəkdim. Onda rayonda yaşayırdıq. Samid isə gəlmədi, mətbəxdə qaldı. Necə deyərlər, heç tükü də tərpənmədi. Onda Samidin 8 yaşı var idi. Söz verdi ki, mən böyüyüb bu hadisəni törədənlərdən qisasımı alacağam.

1998-ci ildə orta məktəbi bitirdi. Samidin yolu artıq bəlli idi. Elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil oldu. 2003-cü ildə məktəbi fərqlənmə diplomu ilə bitirdi və ulu öndər Heydər Əliyev tərəfindən mükafata layiq görüldü. Bu anı bir ata kimi yaşadıqdan sonra oğlumun peşə seçimində yanılmadığını düşündüm.

Sonralar Samidin xoş xəbərlərini alırdım. 2004-cü ilin iyun ayından başlayaraq müxtəlif illərə kimi Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup, bölük, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət etdi. Bir neçə ildən sonra qardaş Türkiyə Respublikasında “Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası”, “Komando təlimi və paraşütdən sərbəst atlamaq” kurslarına qatıldı.

2014-cü il avqust ayının əvvəllərində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı oğlumun başçılıq etdiyi dəstə əməliyyata başladı. Nəticədə, düşmənin 20 hərbi qulluqçusu məhv edildi. Samid bu hadisə haqqında danışanda uçmağa qanadım çatmırdı. Onun boynunu qucaqlayıb “Oğlum, səninlə fəxr edirəm”,– dedim. Daha bilmirdim ki, bir neçə ildən sonra bütün xalqın qəhrəman oğluna çevriləcək.

Samid 2015-ci il mayın 9-da Rusiyanın Moskva şəhərində, “Qırmızı meydan”da faşizm üzərində qələbənin (1941–1945) 70 illiyi şərəfinə keçirilən hərbi paradda iştirak edir və medalla təltif olunur.

Qəhrəmanımız 2016-cı il aprel ayının əvvəlində sonuncu döyüşə qatılır. Azərbaycan–Ermənistan təmas xəttində 24 il fasilədən sonra başlayan döyüşlərdə Samid Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənlə üz-üzə gəlir.

“Bir ata kimi həmin günlər həyəcanlı idim. Yuxum ərşə çəkilmişdi”, – Gülağa dayı dərindən köks ötürərək söhbətə davam edir.

– Aprelin 3-dən 4-nə keçən gecə Samid neytral ərazidə ayağından və çiynindən qəlpə yarası alır. Əsgərlər onu döyüş meydanından aparmaq istəsə də, buna qəti sürətdə etiraz edir və onun əvəzinə, yaralı gizirin çıxarılmasını əmr edir. Əsgərlərin etirazına baxmayaraq, əmrin icra edilməsi üçün qəti göstəriş verir. Yaralı giziri döyüş meydanından çıxaran əsgərlər Samidi aparmaq üçün yenidən döyüş meydanına qayıdırlar, amma orada tapa bilmirlər. Samid əsgərləri ərazidən uzaqlaşdırdıqdan sonra erməni tərəfə əsir düşməmək üçün əlində qumbara ilə yerini dəyişir. Güclü qanaxma nəticəsində oğlum qəhrəmancasına şəhid olur.

Aprelin 8-i Samidin nəşi neytral ərazidən götürülür və 9-da doğma Neftçalada torpağa tapşırılır. 2016-cı il aprelin 19-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.

Gülağa dayı deyir ki, oğlu ilə qürur duyur. Amma oğul itkisi hər bir ata üçün əzabdı. Bircə təsəllisi oğlunun Vətən uğrunda şəhid olması və Samidin övladlarıdır: “Samidin ölümü bir qəhrəmanlıq salnaməsi oldu. O, son anında da Vətənini, onun şərəfini düşündü. Ağır yaralansa da, düşmənə əyilmədi. Atasının, ailəsinin və dövlətinin başını uca etdi. Balamın adına məktəb, küçə var. Samidin 12 yaşlı qızı Fidan, 10 yaşlı oğlu Turan Vətənə əmanətdir.

Samidin anası Xuraman xala söhbətə qoşulur: “Oğlumu doyunca görə bilmədim. Son görüşümüz ad günümdə oldu. Başını dizimin üstünə qoydu, onun saçlarını oxşadım, ətrini içimə çəkdim. Sən demə, balamı sonuncu dəfə əzizləyirəmmiş. Heç doymadım Samidimdən. Martın 27-si səhər saat 6-da evdən çıxdı. Gecə saat 11 idi, zəng vurdu ki, “ana, yemək hazırlayın, gəlirəm”. Səhəri gün sübh tezdən işə getdi. Heç qucaqlaşıb görüşmədik də... Pilləkənləri enəndə dönüb geri baxdı. O baxışı son nəfəsimə kimi unutmaram. Cəsur oğul böyütdüm, gözümü yaşlı qoydu”.

Qardaşı Sadiq də Samidin ölümündən sonra onun haqqında danışmağın çətin olduğunu deyir:

– Samid məndən 5 yaş böyük idi. Hərdən şəhərə gəzməyə çıxanda məni Şəhidlər xiyabanına aparırdı. Burada onun dostları uyuyur. Mən uzun illər Rusiyada yaşadığımdan onu az-az görə bilirdim. Aprel döyüşlərinin başlanması xəbərini Tümendə olanda eşitdim. Tez-tez Samidlə əlaqə saxlayırdım. Sonra onunla əlaqəm kəsildi. Aprelin 6-na bilet alıb ölkəmizə qayıtdım. Mən qardaşımla fəxr edirəm. Vətən belə oğullarının canı və qanı bahasına ayaqdadır.

Söhbətimizi yekunlaşdırmaq ərəfəsində həyət qapısı astaca döyülür. Gülağa dayı ilə Xuraman ana eyni anda qapıya doğru yön alırlar. Çox keçmir ki, yenidən masaya qayıdıb söhbətlərini davam etdirirlər: “Biz hələ də Samidin yolun gözləyirik, elə bilirik ki, uzunmüddətli ezamiyyətdədir. Qayıdıb gələcək, qapını həmişəki kimi astadan döyəcək. Biz də onu qarşılayacağıq. Hər gün bu ümidlə yaşayırıq”.

Atanın da, ananın da dərdi başadüşüləndir. Onlar oğul yoxluğunun, ağrısının sanki canlı heykəlinə çevriliblər. Hər qapı döyüləndə içlərində yenidən bir ümid doğulur.

Bu an pəncərədən içəri düşən günəş şüası qəhrəmanın divardan asılmış şəklini işıqlandırır. Gözlər şəkilə dikilir. Şəkildə ata-ananın üzünə gülümsəyən oğlunun baxışları sanki otağa işıq saçır. Ata asta addımlarla irəli gedib şəkili sığallayır, bir neçə il öncə Samidin şəhid olduğu yerdən gətirdiyi müqəddəs torpağı var gücü ilə qoxulayıb içinə çəkərək başını dik tutur. Çünki onu qəhrəman olmaq üçün böyütmüşdü.

Müşfiq MİRZƏ
XQ

Seçilən
25
1
xalqqazeti.az

2Mənbələr