AZ

Parisdə Azərbaycan diasporu ilə görüş keçirildi - FOTO

BAKI, 15 aprel. TELEQRAF

Fransanın Paris şəhərində və ətraf bölgələrdə yaşayan Azərbaycan icması ilə görüş keçirilib.

Bu barədə Teleqraf-a Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.

Bildirilib ki, keçirilən görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov və komitə əməkdaşları iştirak edib.

Toplantı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.

Komitə sədrinin müavini soydaşlarımızın yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi və icma daxilində mobilliyin qorunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib, diasporun yeni fəaliyyət strategiyasından danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara uyğun daha da inkişaf edib.

Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva Azərbaycan-Fransa münasibətlərinin möhkəmlənməsində və inkişafında diasporumuzun rolunun vacibliyinə diqqət çəkib. Səfir Fransadakı icmamızın postmüharibə dövründə hansı gündəlik üzrə fəaliyyət göstərməsinə belə görüşlərin müsbət təsirini nəzərə çatdırıb.
Görüşdə xaricdə yaşayan azərbaycanlıların yaşadıqları cəmiyyətlərə uğurla inteqrasiyasının, şəbəkələşməsinin, milli kimliklərinin, ana dilinin, zəngin mədəni irsimizin qoruyub saxlamalarının və ölkəmizi uğurla təmsil etmələrinin böyük əhəmiyyət daşıdığı xüsusi vurğulanıb. Bu balans həm fərdi inkişaf, həm milli maraqların qorunması, həm də yüksək ideoloji birlik baxımından çox vacibdir. Fransada yaşayan soydaşlarımız Azərbaycanla bağlı dezinformasiyaların qarşısının alınması, ölkəmizin beynəlxalq imicinin qorunması istiqamətində böyük fədakarlıq nümayiş etdirir, ölkələrarası münasibətlərin inkişafına töhfələr verirlər.

Qarşılıqlı fikir mübadiləsi zamanı soydaşlarımızın yaxın və uzaq perspektivə dair təklifəri, təşəbbüsləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr olunan və diasporun birliyini əks etdirən hesabat xarakterli təqdimat və videoçarxlar nümayiş olunub. Fransada yaşayan soydaşımız, politoloq Maşallah Rəzmiyə təltif olunduğu Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib. Maşallah Rəzmi yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Daha sonra Fransa Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib. Şuranın koordinatorları Günel Səfərova və Mehriban Ovçuyeva AKŞ-nin fəaliyyəti ilə bağlı geniş məlumat verib.

Toplantıda qeyd olunub ki, müxtəlif ölkələrdə yaradılan Koordinasiya Şuraları diaspor təşkilatları və icmalar arasında əlaqələndirici və birləşdirici rol oynayır, vahid mövqenin formalaşmasına, informasiya mübadiləsinin genişlənməsinə və birgə təşəbbüslərin artmasına xidmət edir. Bu platformalar vasitəsilə Azərbaycanla bağlı əlamətdar günlər, milli bayramlar və mühüm tarixi hadisələr daha geniş müstəvidə qeyd olunur, ölkəmizin beynəlxalq imici gücləndirilir.

Qeyd edək ki, xarici ölkələrdəki Azərbaycan icmaları ilə sistemli və ardıcıl görüşlərin keçirilməsi diaspor içərisində həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki müasir ideya və missiyaların formalaşması baxımından böyük əhəmiyyət daşıyır.

Seçilən
6
7
teleqraf.com

8Mənbələr