AZ

Şahinin faciəsi: aptekə gedirdi, bir anda həyatı məhv oldu FOTOLAR

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə 23 yaşlı Şahin Dadaşovun taleyi geniş müzakirə olunur. İddialara görə, iki il əvvəl Rəşid adlı şəxsin törətdiyi yol-nəqliyyat hadisəsi gəncin həyatını kökündən dəyişib.

Bildirilir ki, qəza nəticəsində ağır xəsarətlər alan Şahin Dadaşov 29 gün komada qalıb və yalnız həkimlərin səyləri nəticəsində həyata qaytarılıb. Ailəsi iddia edir ki, hadisəni törədən şəxs sonradan gəncin müalicəsinə və bərpasına dəstək göstərməyib.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Şahinin anası Aytəkin Babayeva bildirib ki, qəzanı törədən şəxs ilkin mərhələdə bütün müalicə xərclərini qarşılayacağına söz versə də, sonradan bu vədinə əməl etməyib.

Onun sözlərinə görə, hadisədən sonra Şahin müxtəlif tibb müəssisələrində müalicə alıb və bu müddətdə ciddi maliyyə çətinlikləri yaranıb:

“Oğlum qəza günü iş yerindən icazə alıb aptekə gedərkən avtomobillə vurulub. Hadisə 2024-cü ilin avqust ayında baş verib. Zərbənin təsirindən maşının kapotuna düşüb və yola atılıb. Hadisədən sonra vəziyyəti ağır idi, uzun müddət özünə gəlmədi. Onu xəstaxanaya apardıqdan sonra hadisədən xəbər tutmuşuq. İlk gün hadisəni törədən Rəşid ümumiyyətlə görünmədi. Biri dedi saxlanılıb, biri başqa söz dedi. Amma o adam ilk gündən azadlıqdadır. Qəza baş verən gün dostları və qardaşı gəlib oğlumu “Məlhəm Hospital”a apardılar. Orada bizdən 4600 manat depozit tələb olundu. Həmin an Rəşidin yaxınları pullarının olmadığını bildirdilər. Məcburi 2 min manat tapıb gətirdilər. Digər xərcləri də bir gün ödəyirdilər, iki gün yoxa çıxırdılar. Qəzanı törədən şəxs əvvəlcə xərcləri qarşılayacağını dedi, lakin sonradan məsuliyyətdən yayındı. Bir sözlə, müalicə prosesində bizə ciddi çətinliklər yaşatdı, bəzi günlər ümumiyyətlə adamı tapa bilmirdik. Hazırda “Məltəm” hospitalında oğlumun adına 7000 manat borc yaranıb. Hətta tibb müəssisəsi iflic vəziyyətdə olan oğlumu məhkəməyə verib. Biz bu müddətdə tək qalmışıq. Nə həmin şəxsin ailəsi, nə də yaxınları bizə real dəstək göstərib. Müxtəlif vədlər verilsə də, heç biri yerinə yetirilməyib”.

Aytəkin Babayeva əlavə edib ki, hadisə ilə bağlı məhkəmə prosesi keçirilib və qərara əsasən, qəzanı törədən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ana verilən cəzanın ədalətli olmadığını düşünür. Bildirib ki, hadisəni törədən şəxs günün bir neçə saatını həbsxanada keçirir.

Onun sözlərinə görə, sonradan barışıq üçün müxtəlif şəxslər vasitəçi kimi ailə ilə görüşsə də, bu proseslər gözlənilən nəticəni verməyib və ailə yenidən çətin vəziyyətdə qalıb.

Şahinin anası hazırda övladının müalicəsinin davam etdiyini, lakin maddi imkanlarının məhdud olduğunu bildirərək aidiyyəti qurumlardan məsələyə diqqət yetirilməsini xahiş edib:

“Mənə bu işdə dəstək göstərilməsini xahiş edirəm. Adamın qardaşından başqa heç bir ailə üzvü bizimlə maraqlanmadı. Bircə qardaşı gəldi, qalan günlər də yanımıza 3-4 nəfər fərqli şəxsləri göndərdi. Onlar da özlərini onun dostu kimi təqdim etdilər, maddi dəstək olunacağını bildirdilər. Lakin sonradan məlum oldu ki, onları da pul vəd edərək bizim yanımıza göndərib. Deyib ki, siz gedin ailə ilə danışın, sizə min manat ödəniş edəcəyəm. Hətta 2 nəfər gəlib, özlərini qazi kimi təqdim etdilər, barışıq ərizəsinə imza çəkməyimizi istədilər. Razılaşmırdım, amma onlar dedilər ki, biz Vətən uğrunda vuruşmuşuq, sizə görə canımızın yarısını vermişik və s. bizə yox deməyin. Bu sözlərdən sonra şərt kəsərək, imza atdım. Şərtim isə o idi ki, oğlumun müalicəsində dəstək olsunlar. İndi qalmışıq çıxılmaz vəziyyətdə. Sonradan bizə onların qazi olmadığını dedilər”.

Mövzunu davam etdirəcəyik.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
globalinfo.az

1Mənbələr