
Rusiyalı bloger Viktoriya Bonya ölkə prezidenti Vladimir Putinə ünvanladığı video müraciətlə yenidən gündəmə gəlib. Təxminən 20 dəqiqə davam edən çıxışında o, ölkədə hakimiyyət qarşısında qorxu mühitinin formalaşdığını iddia edib.
Bonya bildirib ki, cəmiyyətlə prezident arasında “böyük bir divar” yaranıb və insanlar açıq danışmaqdan çəkinirlər. Onun sözlərinə görə, nə sadə vətəndaşlar, nə blogerlər, nə də məmurlar öz fikirlərini sərbəst ifadə edə bilirlər.
“Xalq sizdən qorxur, blogerlər qorxur, sənətçilər qorxur, qubernatorlar qorxur. Amma mən qorxmuram”, – deyə o vurğulayıb.
Bloqer müraciətini “ürəyinin səsi ilə” etdiyini qeyd edərək, bunu heç kimin xahişi ilə etmədiyini bildirib. O, hətta Everesti fəth etmə təcrübəsinə istinad edərək, dağlarda yalanın yaşamadığını deyib.
Videoda Bonya prezidentə çatmadığını düşündüyü bir sıra problemləri də sadalayıb. Onun fikrincə, bəzi məmurlar real vəziyyəti gizlədir və ya təhrif olunmuş şəkildə təqdim edir.
Qaldırılan əsas məsələlər arasında Dağıstanda baş verən güclü daşqınların nəticələri, Anapada ekoloji problemlər, heyvanlarla bağlı qanunvericilikdəki dəyişikliklər, Novosibirskdə kütləvi heyvan kəsimi ilə bağlı qalmaqal və biznesə təzyiqlər yer alıb.
Bundan əlavə, o, sosial şəbəkələrə tətbiq olunan məhdudiyyətləri, ticarət mərkəzlərinin boşalmasını və marketplace-lərin təsirinin artmasını da tənqid edib. Bonya həmçinin ölkədən miqrasiyanın artdığını iddia edərək, internetdə ən populyar axtarış sorğularından birinin “Rusiyadan necə getmək olar?” olduğunu bildirib.
Bununla belə, bloqer prezidentə dəstəyini ifadə edərək onu güclü lider kimi qiymətləndirib. O qeyd edib ki, problem prezidentin özündə deyil, ona təqdim olunan məlumatların tam və düzgün olmamasındadır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta